Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.
Məhz bu dəyər və diqqətin nəticəsi olaraq Heydər Əliyev, hətta Azərbaycan üçün çox ağır olan 1995-1997-ci illərdə 4 dəfə M.F.Axundov adına Dövlət Kitabxanasında olmuş və həmin kitabxananın işləri ilə yaxından maraqlanmışdır. Bu səfərlər Milli Kitabxananın həyatında böyük dönüşlərlə yadda qalmış və onun inkişafında əhəmiyyətli rol oynamışdır. Böyük fəxarət hissi ilə qeyd etmək lazımdır ki, hazırda özünün sürətli inkişafı və modernləşmə dövrünü yaşayan Azərbaycan Milli Kitabxanasının yenidənqurma konsepsiyasının əsası da XX əsrin 90-cı illərinin ortalarında Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. İlk dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanan Ulu Öndər özünün ciddi çətinlik dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.
Ümummilli liderimiz kitabxananın fondunun yeni ədəbiyyatla necə komplektləşdirilməsi ilə də maraqlanmış və bu işin çox vacib olmasını söyləmişdir. Ulu Öndər kitabxanaya çox az sayda yeni ədəbiyyatın daxil olduğunu görərək demişdir: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun”. Eyni zamanda bunu nəzərə alaraq öz şəxsi kitabxanasından 300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdir. Bununla da o, böyük və şərəfli bir ənənəyə başlanğıc vermişdir. Ulu Öndər kitabxanadakı çıxışı zamanı bu məsələyə də toxunmuşdur: “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər”. Doğrudan da, xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs verən görkəmli alimlərimiz və ziyalılarımız mərhum akademiklərimiz Ziya Bünyadov və Budaq Budaqov, Xalq yazıçısı Elçin, teatrşünas-alim Ədalət Vəliyev və başqaları Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitablar bağışladılar.
Azərbaycan kitabxanalarının flaqmanı, milli mənəvi dəyərlərimizin etibarlı saxlanc yeri və tarixi yaddaşımız hesab olunan Milli Kitabxananın müasir dövrün tələblərinə uyğun inkişafı və yenidən qurulması işlərinin bünövrəsi də 90-cı illərin ikinci yarısında Ulu Öndərin rəhbərliyi altında, bilavasitə onun iştirakilə həyata keçirilmişdir. Milli Kitabxananım Əsasnaməsinin təsdiqi və ona bütün fondlarının və əmlakının toxunuulmazlığını təmin edən yüksək milli statusun müəyyənləşdirilməsi, binasının istifadəyə verildiyi 50 il ərzində ilk dəfə tam şəkildə yenidən qurulması layihəsinin reallaşdırılması və fondunun zənginləşdirilməsi məsələləri də bilavasitə Heydər Əliyevin şəxsi göstərişi və rəhbərliyi ilə həyata keçirilmişdir. 10 illik prezidentliyi dövründə 4 dəfə Milli Kitabxanaya gəlməsi və hər gəlişi ilə bu elm məbədinə bir yenilik, yeni bir abu-hava gətirən Ulu Öndər bu kitabxananı yüksək qiymətləndirərək demişdir: “Mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Kitabxanaya gəlmişik. Kitabxana xalq üçün, milliət üçün, cəmiyyət üçün müqəddəs bir yer, bilik, mənəviyyat və zəka mənbəyidir. Buna görə kitabxanaya daima hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən faktorlardan biridir. Mən vaxtilə də bu kitabxanaya dəfələrlə gəlmişəm. Ancaq bu gün bu kitabxananın Astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi keçirirəm və kitabxanaya, burada çalışan insanlara, burada toplanan kitablara öz hörmətimi, ehtiramımı bildirmək istəyirəm”. Bu dahiyanə fikirlər bu gün də kitaba, kitabxanaya, Milli Kitabxanaya və onun Azərbaycan mədəniyyətinin inkişafındakı danılmaz roluna verilən ən yüksək qiymət hesab oluna bilər. Və bu qiymətli fikirləri yalnız kitaba, mütaliəyə, kitabxanaya yüksək dəyər verən dahi şəxsiyyət söyləyə bilərdi.
Azərbaycan tarixinin önəmli bir dövrü - XX əsrin son otuz ili və XXI əsrin başlanğıcı məhz görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Həyatının mənasını xalqına və dövlətinə təmənnasız xidmətdə görən Ulu Öndər istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Azərbaycanın şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, mentalitetini, mənəviyyatını qorumuş və inkişaf etdirmişdir. Onun nəhəng və genişölçülü rəhbərlik qabiliyyəti, qeyri adi siyasi peşəkarlığı sayəsində Azərbaycan hələ Sovetlər dönəmində özünün əsl intibah mərhələsini yaşadı. Həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən düzgün çıxış yolu tapan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, Ulu Öndər sovet illərində Azərbaycana rəhbərliyi zamanı milli-mənəvi dəyərlərimizin dirçəlişi, mədəniyyətin yüksəlişi isti qamətində çox mühüm addımlar ataraq müstəqil düşüncəyə yol açmış, müstəqilliyə gedən yolumuzu işıqlandırmışdır.
Xalqımızın Ümummilli Liderinin Milli Kitabxanaya bağışladığı kitabları vərəqləyərkən və orada Ulu Öndərin öz əli ilə apardığı qeydlərlə tanış olarkən bu dahi şəxsiyyətin mütaliə qabiliyyətinə və məsələlərə düşüncəli şəkildə müdaxilə etmə qabiliyyətinə valeh olmamaq olmur. Tarixi hadisələrə tarixçi kimi müdaxilə etmək, ədəbiyyat məsələlərinə ədəbiyyatşünas alim kimi münasibət göstərmək, incəsənət əsərlərinə və arxitekturaya böyük zərgər dəqiqliyi ilə yanaşmaq, Nizaminin, Füzulinin, Sabirin, Cəlil Məmmədquluzadənin, Şəhriyarın, Məmməd Arazın və başqa şair, yazıçı və dramaturqlarımızın əsərlərinə yaradıcı yanaşaraq müəyyən qeydlər etməsi Ulu Öndərin sadəcə mütaliəçi deyil, həm də geniş təxəyyülə malik bir insan olmasına dəlalət edir.
Bu qiymətli kolleksiyada diqqəti çəkən bir kitab da var ki, o da Ulu Öndərin Müqəddəs Həcc ziyarəti zamanı ona bağışlanan “Qurani Kərim” kitabıdır. Dahi Heydər Əliyev onun üçün çox əziz olan bu kitabı da Milli Kitabxanaya bağışlayarkən demişdir ki, “...Orada - İslam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxəsini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət Kitabxanasına verirəm”. Bu faktın özü də Ulu Öndərin Milli Kitabxanaya müqəddəs bir elm və mənəviyyat məbədi kimi yanaşmasının bariz nümunəsidir.
Kamran MUSTAFAYEV, AMEA Rəyasət Heyəti aparatının Təsərrüfat işlərinin təşkili şöbəsinin müdir müavini, dissertant
Qeyd edək ki, sözügedən məqalə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev kitab mədəniyyəti sahəsində söz və ədəbiyyat şəxsiyyətlərindən biri kimi” mövzusunda konfransda təqdim olunub və konfrans materiallarında işıq üzü görüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.