Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Əliyeva Nuray Yadigar qızı ilə müsahibəni təqdim edirik..
- “Tərəqqi” medalına layiq görülməyiniz həm elmi fəaliyyətinizə, həm də ictimai-siyasi fəaliyyətinizə verilən yüksək qiymətdir. Bu təltifi şəxsi həyatınızda və karyeranızda necə dəyərləndirirsiniz?
“Tərəqqi” medalına layiq görülməyim mənim üçün yalnız fərdi mükafat xarakteri daşımır. Mən bu təltifi uzun illər ərzində apardığım elmi tədqiqatların dövlət səviyyəsində qiymətləndirilməsi kimi qəbul edirəm. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində ölkə rəhbərinin elm adamlarına göstərdiyi yüksək diqqət bir daha onu sübut etdi ki, elmi fəaliyyət hər zaman dövlətimizin strateji inkişaf xəttinin əsasını təşkil edir. Bu sərəncamla təltif olunan alimlər sırasında yer almaq mənə böyük qürur yaşatdı və eyni zamanda daha məsuliyyətli çalışmaq üçün ciddi stimul yaratdı.
Bu mükafat mənim üçün yalnız keçmiş fəaliyyətə qiymət deyil. Mən onu gələcək fəaliyyətimin istiqamətini müəyyən edən mühüm motivasiya kimi qəbul edirəm. Dövlətimizin elmə, dilə və milli-mənəvi dəyərlərə göstərdiyi yüksək qayğı hər bir tədqiqatçının qarşısında yeni imkanlar açır və eyni zamanda yeni öhdəliklər yaradır. Mən bu mükafatı həm də Naxçıvan Bölməsində çalışan bütün alimlərin birgə əməyinə verilən dəyər kimi görürəm. Çünki bu gün Naxçıvan elmi mühiti böyük intellektual potensiala malikdir və mənim uğurum da məhz bu mühitin davamlı dəstəyinin nəticəsidir.
- Naxçıvan dialekt və şivələrinin gələcək araşdırmaları üçün hansı istiqamətlərin açılması daha zəruridir?
Naxçıvan dialekt və şivələri Azərbaycan dilinin zəngin dialekt xəzinəsinin mühüm hissəsini təşkil edir. Bu dialekt və şivələrin tədqiqi AMEA Naxçıvan Bölməsinin yaradılmasından sonra yeni mərhələyə keçdi. Lakin görülən işlər nə qədər çox olsa da, qarşıda daha geniş və sistemli tədqiqat istiqamətləri dayanır. Müasir dövrdə dialektlərin öyrənilməsi klassik metodlarla məhdudlaşa bilməz. Qloballaşma və rəqəmsallaşma reallığı dialektlərin tədqiqinin tamamilə yeni səviyyədə aparılmasını tələb edir.
Mən düşünürəm ki, Naxçıvan dialekt və şivələrinin rəqəmsal korpusunun yaradılması bu sahədə ən vacib addımdır. Rəqəmsal korpus yalnız bir elektron lüğət və ya mətn bazası deyil. Bu korpus həm fonetik, həm morfoloji, həm sintaktik, həm də leksik səviyyələr üzrə sistemləşdirilmiş materialların multimedia formatında təqdim olunduğu böyük bir mənbə olmalıdır. Dialekt daşıyıcılarının canlı nitq nümunələri audio və video şəklində toplanmalı, sahə materialları yüksək dəqiqliklə rəqəmsallaşdırılmalı, dialekt vahidlərinin xəritələnməsi həyata keçirilməlidir.
Belə bir korpus gələcək nəsillərin dialektoloji tədqiqatlar aparmasını asanlaşdıracaq. Eyni zamanda dünya dilçilik elminin tələblərinə uyğun olaraq, Azərbaycan dialektologiyasının rəqəmsal mərhələyə keçidini təmin edəcək.
-Dialektlərin öyrənilməsi və qorunması Azərbaycan dilçiliyi üçün nə dərəcədə əhəmiyyətlidir?
Dialektlər bir xalqın dil tarixinin canlı qatıdır. Onlar müəyyən coğrafi mühitdə min illər ərzində formalaşmış leksik, fonetik və qrammatik xüsusiyyətləri qoruyub saxlayan milli sərvətdir. Bu gün dialekt və şivələrin zəifləməsi və daşıyıcıların azalması son dərəcə ciddi təhlükə yaradır. Gənc nəslin ədəbi dili daha çox istifadə etməsi dialektlərin aktiv danışıq məkanından sıxışdırılmasına səbəb olur. Yaşlı nəslin təbii şəkildə azalması isə dialektlərin canlı şəkildə müşahidə olunmasını çətinləşdirir.
Bu reallıq onu göstərir ki, dialekt və şivələrin öyrənilməsi yalnız elmi məsələ deyil. Bu həm də milli yaddaşın, etnoqrafik irsin və mədəni kimliyin qorunması məsələsidir. Dialektlərdə qədim məşğuliyyət sahələrinin izləri, yerli inanclar, məişətə dair söz və ifadələr, köhnə təsərrüfat terminləri, arxaik söz birləşmələri yaşayır. Onların itməsi dil tariximizin bütöv bir qatının itməsi deməkdir.
Bu səbəbdən toplanmış dialekt materiallarının nəşri və yeni materialların toplanması ən zəruri vəzifələrdən biridir. Bu vəzifə hər bir dilçi alim üçün həm elmi borc, həm də milli məsuliyyətdir.
- Müasir Azərbaycan dilçiliyinin qarşısında duran əsas vəzifələri nə kimi görürsünüz?
Müasir Azərbaycan dilçiliyi qarşısında yeni dövrün tələbləri ilə müəyyən olunan mühüm vəzifələr dayanır. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində dilçiliyin inkişafı barədə səsləndirdiyi fikirlər bu vəzifələrin proqram xarakterli istiqamətlərini müəyyən edir. Bu istiqamətlərin birinci sırasında Azərbaycan dilinin onomastik vahidlərinin, xüsusən də toponimlərin öyrənilməsi dayanır. Toponimlər xalqın tarixi yaddaşının mühüm göstəricisidir və onların tədqiqi milli kimliyin elmi əsaslarının güclənməsinə xidmət edir.
Digər mühüm istiqamət müxtəlif normativ lüğətlərin yenilənməsi və yeni lüğətlərın hazırlanmasıdır. Orfoqrafiya lüğətinin müasir tələblərə uyğun şəkildə yenilənməsi artıq zərurətə çevrilib. Orfoepiya lüğətinin və izahlı lüğətlərin hazırlanması dilin sistemli inkişafına mühüm təsir göstərir. Dilin normalaşdırılması bu gün müasir dilçilik elminin əsas vəzifələrindən biridir.
Bununla yanaşı dilimiz türkdilli aləmlə müqayisəli şəkildə araşdırılmalı, dilin ümumtürk kontekstində mövqeyi daha dərindən tədqiq edilməlidir. Bu həm elmi baxımdan, həm də mədəni inteqrasiya baxımından vacibdir. Rəqəmsal dilçilik istiqaməti də müasir dövr üçün prioritetdir və dil materiallarının elektron platformalarda toplanması dilçilik elminə yeni imkanlar yaradır.
-Qloballaşma dövründə Azərbaycan dilinin qorunması və inkişafı üçün hansı addımlar daha səmərəli hesab oluna bilər?
Qloballaşma prosesləri bütün dillərin üzərinə həm yeni imkanlar, həm də yeni təhlükələr gətirir. Bu gün Azərbaycan dilinə kütləvi şəkildə əcnəbi sözlərin daxil olması xüsusilə narahatlıq doğuran məsələdir. Yeni texnologiyalar və yeni anlayışlar yaranır və onların adlandırılması zamanı çox vaxt dilimizin daxili imkanlarından istifadə olunmur. Bu proses dilimizin təbii inkişafını zəiflədə bilir.
Dilimizin qorunması üçün ən səmərəli yol daxili söz ehtiyatından səmərəli istifadə etməkdir. Dialektoloji lüğətlərdə çox zəngin leksik material mövcuddur. Buradakı sözlərin əksəriyyəti qədim türk mənşəli sözlərdir və müasir anlayışların adlandırılmasında bu sözlərdən yaradıcılıqla istifadə etmək mümkündür.
Bundan başqa ictimai məsuliyyət məsələsi də son dərəcə vacibdir. Müəssisələrin, obyektlərin, istehsal və xidmət sahələrinin adlandırılmasında milli sözlərdən istifadə olunması təkcə dilin inkişafına deyil. Gənc nəslin milli dil şüurunun formalaşmasına da təsir göstərir. Dil dövlətçilik atributudur və hər bir vətəndaş bu atributun qorunmasına şəxsi töhfə verməlidir.
- AMEA-nın İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda həyata keçirdiyiniz son elmi layihələr barədə məlumat verə bilərsinizmi?
İnstitutumuzda son illərdə dialektologiya sahəsi üzrə aparılan işlər intensivləşib və daha sistemli xarakter alıb. Naxçıvan şivələrinin müxtəlif aspektlərdə araşdırılması üzrə uzunmüddətli plan işləri yerinə yetirilib. Fərqli elmi səviyyələrdə dissertasiyalar müdafiə olunub və onların nəticələri monoqrafiya və lüğət şəklində elmi ictimaiyyətə təqdim edilib.
Hazırladığımız Naxçıvan şivələrinin lüğəti bu sahə üçün son dərəcə əhəmiyyətli mənbədir və bölgənin söz ehtiyatını ən dolğun şəkildə əks etdirən elmi əsərlərdən biridir. Ən son elmi layihələrdən biri isə Naxçıvan şivələrinin frazeologiya lüğətinin hazırlanmasıdır. Bu lüğət Azərbaycanın bölgələri üzrə ilk frazeologiya lüğətidir və dialekt frazeologiyasının geniş tədqiqinə böyük töhfə verəcək. Biz bu lüğətdə Naxçıvan şivələrinin frazeoloji vahidlərini toplayıb sistemləşdirmişik. Onların izahını vermişik və işlənmə nümunələrini daxil etmişik. Bu iş uzun illərin araşdırmasının nəticəsidir və yaxın müddətdə elmi ictimaiyyətə təqdim olunacaq.
- Gənc tədqiqatçılara və tələbələrə hansı elmi tövsiyələri verərsiniz?
Elm sahəsinə gələn hər bir gəncin ilk növbədə elmə olan daxili bağlılığı olmalıdır. Mən hesab edirəm ki, elm adamı daim araşdırmağa meylli olmalı, sual verməyi, sorğulamağı, müşahidə etməyi bacarmalıdır. Bu maraq və həvəs elmi fəaliyyətin əsas hərəkətverici qüvvəsidir. Elmi fəaliyyət yalnız bilik toplamaqdan ibarət deyil. Elmi fəaliyyət həm də yaradıcı düşüncə tələb edən sistemli və ardıcıl bir prosesdir.
Müasir dövrdə elmlə məşğul olmaq üçün xarici dil bilikləri mütləqdir. Çünki elmi mənbələrin böyük qismi başqa dillərdədir və bu mənbələrə çıxış əldə etməyən gəncin elmi inkişafı məhdud olur. Bununla yanaşı rəqəmsal bacarıqlara yiyələnmək, kompüter texnologiyalarını dərindən bilmək və süni intellektdən səmərəli istifadə etmək elmi fəaliyyətin ayrılmaz hissəsinə çevrilib.
Gənc tədqiqatçı öz işinə məsuliyyətlə yanaşmalı, hər bir mənbəni diqqətlə öyrənməli və elmi vicdanla yanaşmalıdır. Elm sürətli nəticə bəxş edən sahə deyil. Elm dözüm, ardıcıllıq və fədakarlıq tələb edən uzun bir yoldur.
-Suallarımızı cavablandırdığınız üçün sağ olun.
Siz də sağ olun.
Müsahibəni hazırladı:
Məhsəti CƏFƏRLİ, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.