Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2025 10:43
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Ümummilli Lider xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşüb. Akademik G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zaman, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb. O, Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb. İnstitut rəhbəri Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini qeyd edib. Həmin görüşdə iştirak etmiş Gövhər xanım Heydər Əliyevin o tədbirdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini  qeyd edib. G.Baxşəliyeva Heydər Əliyev məktəbi keçmiş cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə mühüm rolu olduğunu deyərək, dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunın artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini və bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.

G.Baxşəliyeva Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Tədbirdə çıxış edən institutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev bildirib ki, tarixi təcrübə dövlətin, cəmiyyətin inkişafını müəyyən edən əsas faktorlardan birinin də lider fenomeni olmasını göstərir və  məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdükləri ideyalar və qəbul etdikləri qərarlarla nəinki dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. E.Mustafayev Ümummilli Lider Heydər Əliyevin məhz belə lider olduğunu, müasir tariximizin çox vacib bir dövrünün onun adı ilə bağlı olduğunu, bugünkü həyatımızın bu böyük şəxsiyyətin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunduğunu vurğulayıb. E.Mustafayev bildirib ki, Ulu Öndər Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb.

Tədbirdə həmçinin institut əməkdaşlarından filologiya elmləri doktoru Lalə Bayramova, filologiya üzrə fəlsəfə doktorları Xanımzər Kərimova, Vüqar Məmmədov və başqaları çıxış edərək, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs ediblər və bildiriblər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da Ulu Öndərin xidmətləri heç zaman unudulmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: