AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: Redaktorluq məktəbi” layihəsi çərçivəsində elmi təqdimatı keçirilib.
Tədbiri açan Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev bildirib ki, bu il ilk dəfə olaraq institutun “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” – “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” adlı ingilis dilində beynəlxalq elmi resenziyalı jurnalı nəşr edilib və bu işdə Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru və Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin rəhbəri Xəyalə Məmmədova dəstək olub. “Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin rəhbəri Xəyalə Məmmədova gələcəkdə də jurnalın müasir meyarlara uyğunluğu məsələsində bizimlə birlikdə olacaq. Bugünkü iclasda Arxeologiya və Antropologiya İnstitutunun elmi nəşrlər üzrə mütəxəssisləri, xaricdə elmi nəşrləri olan alimlər və Tarix İnstitututnun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev də iştirak edir” – deyə Fərhad Quliyev vurğulayıb.
Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova mövzu üzrə çıxış edərək bildirib ki, rəhbərlik etdiyi layihə ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və elmi nəşrlərin beynəlxalq standartlara uyğun identifikasiya ilə təmini baxımından olduqca önəmlidir.
Mühazirəçi qeyd edib ki, beynəlxalq jurnalın nəşri üçün irəli sürülmüş tələbləri ödəyən kriteriyalara yiyələnməsi böyük vaxt tələb edir. “Bizim məqsədimiz azərbaycanlı alimlərin dünyaya çıxışını asanlaşdırmaqdır” – deyə X.Məmmədova vurğulayıb. Qeyd olunub ki, beynəlxalq jurnalın adı, jurnalın elektron proqram təminatları — ilkin şərtlərdən biridir. Elmi redaksiya heyəti əsasən öz sahəsi üzrə tanınmış əcnəbi alimlərdən ibarət olmalıdır. Xüsusi olaraq beynəlxalq elmi jurnalda dilin daşıyıcısı olan redaktorun göstərilməsi vacibdir. Elmi jurnalın təşkilinin əsas tələblərindən biri müstəqil və kənar rəyçilərdən ibarət komandanın formalaşdırılmasıdır.
Daha sonra Xəyalə Məmmədova məqalələrin tərtib qaydaları, məqalələrə istinadlar üçün sistemin, həmçinin jurnalın elektron resursunun (saytının) yaradılmasının vacibliyindən danışıb. Layihə rəhbəri institutun “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” – “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” adlı ingilis dilində beynəlxalq elmi resenziyalı jurnalının ilk sayının müasir tələblərə cavab verdiyini qeyd edib və jurnalın redaksiya heyətinə tövsiyələrini çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.