AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində duran əsas məsələ Əlyazmalar İnstitutunun 2025-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi və təsdiqi olub.
İclası giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açıb, gündəliyi elan etdikdən sonra hesabatı təqdim etmək üçün sözü elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib.
A.Hacıqədirli institutun illik hesabatına dair geniş məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında, o cümlədən digər fərman və sərəncamlarından irəli gələrək institutda icra olunan işlər, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti və Humanitar Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı institutda görülən işlər, şöbələrdə yerinə yetirilən tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq və beynəlxalq elmi-mədəni əlaqələr, elmin təhsilə inteqrasiyası, elektron elmin vəziyyəti, kadr hazırlığı, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva çıxış edərək hesabatı yüksək qiymətləndirib və kollektivə növbəti ildə də uğurlar arzulayıb.
İclas çərçivəsində institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Raqub Kərimovun məruzə ətrafında çıxışı dinlənilib.
İclasın yekununda akademik Teymur Kərimli hesabata dair fikirlərini bildirib və təkliflərini səsləndirib. Bütövlükdə hesabat Elmi şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub və yekdilliklə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.