Bakı Xoreoqrafiya Akademiyasında “Azərbaycan milli rəqsinin genezisi” adlı kitabın təqdimatı olub.
Bakı Xoreoqrafiya Akademiyasında AMEA Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, xoreoqraf, rəssam, “Yaradıcı Qadınlar” İctimai birliyinin sədri Afaq Hüseynovanın “Azərbaycan milli rəqsinin genezisi” adlı kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, akademiyanın müəllim-tələbə heyəti, həmçinin Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşı iştirak edib.
Tədbirdə çıxış edən Afaq Hüseynova kitabın məzmunu haqqında geniş məlumat verib. O bildirib ki, sözügedən kitab onun 40 ildən artıq göstərdiyi elmi və mədəni fəaliyyətin məhsuludur.
Qeyd edək ki, iki hissədən ibarət olan “Azərbaycan milli rəqsinin genezisi” kitabı orta əsr miniatür sənətinin özəlliklərini özündə əks etdirməklə yanaşı, Azərbaycan peşəkar rəqsinin yaranması və onun inkişafında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edir.
Kitab Azərbaycan Respublikasının Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, görkəmli xoreoqraf Tamilla Şirəliyevaya həsr olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.