Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2025 17:41
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.  

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Akademik Arif Həşimov çıxışında bildirib ki, dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün Azərbaycan xalqı onun əziz xatirəsini dərin ehtiramla yad edir, dövlətçilik tariximizdə qoyduğu misilsiz izləri böyük qürurla xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, ordu quruculuğunda, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyət idi. Onun uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına olan sarsılmaz sevgisi bu gün də dövlətçiliyimizin əsas ideoloji dayaqlarından biridir.

Akademik Ulu Öndərin ikinci dəfə Azərbaycana hakimiyyətə qayıtmasından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. Akademik Arif Həşimov Naxçıvanın blokadası dövründə Heydər Əliyevin siyasi tədbirlər görməsindən və ilk dəfə Azərbaycan bayrağının Ulu Öndərin uğurlu siyasəti nəticəsində Naxçıvanda dalğalandığını bildirib.

Akademik Arif Həşimov Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin respublikanın yenidən qurulması, iqtisadiyyatın dirçəldilməsi istiqamətində gördüyü işlərdən, “Əsrin müqaviləsi”ndən bəhs edib. Bütün bunların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu vurğulayıb.

Akademik Arif Həşimov Ümummilli lider Heydər Əliyevin Fizika İnstitutuna ziyarətlərindən də söhbət açıb.

Tədbirdə fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, akademik Nazim Məmmədov, texnika elmləri doktoru Əli Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov və elmi işçi Bayram Xudayarov Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Tədbirdə  Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Ümummilli Liderin Heydər Əliyevin keçən əsrdə Fizika İnstitutuna etdiyi iki səfərini əbədiləşdirmək məqsədilə Heydər Əliyevin gəlişini əks etdirən xatirə lövhəsinin hazırlanmasını və vurulmasını tədbir iştirakçıları məqsədə uyğun hesab ediblər. Lövhənin hazırlanması və vurulması yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: