AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli kimyaçı alim akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş “Azərbaycan neft sənayesinin inkişafında alimlərin və diplomatiyanın rolu” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncamı ilə bu il görkəmli alim və ictimai xadim akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd olunduğunu bildirib. Akademik Yusif Məmmədəliyevin Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri olduğunu deyən akademik G.Baxşəliyeva, görkəmli alimin Azərbaycanda neft kimyasının bünövrəsini qoyduğunu, bu sahədə bir məktəb yaratdığını qeyd edib. Akademik G.Baxşəliyeva akademik Yusif Məmmədəliyevin yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi ilə dünyada tanındığını deyərək, 1941-1945-ci illər müharibəsində qələbədə onun kəşfinin müstəsna rolu olduğunu bildirib.
Sonra institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “Azərbaycan neft sənayesinin inkişafında alimlərin və diplomatiyanın rolu” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan neft sənayesinin inkişaf tarixindən, bu sahədə başda Yusif Məmmədəliyev olmaqla Azərbaycanın görkəmli alimləri, o cümlədən Xoşbəxt Yusifzadə, Anaxanım Xanlarovanın rolundan, həmçinin Azərbaycan elmi ilə neft diplomatiyasının uğurlu sintezindən bəhs edilib. N.Məmmədov bütün bunların Azərbaycanın sosial-iqtisadi inkişafına, uğurlu və şaxələndirilmiş diplomatiyasının formalaşmasına təsirlərindən danışıb.
Sonda məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.