Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2025 15:48
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər

Azərbaycan alimləri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər

Türkiyə Cümhuriyyəti Türk Dil Qurumu və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ankara Universitetində “Qədim türk dili” adlı beynəlxalq simpozium keçirilib.

Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin 90 illik yubileyi çərçivəsində təşkil edilən və qədim türk dilinin diaxron və sinxron tədqiqini əhatə edən “Beynəlxalq Qədim türk dili simpoziumu” 4-5 dekabr tarixlərində Türkiyənin və dünyanın müxtəlif universitetlərindən gələn türkoloqları bir araya gətirib.

Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nizami Cəfərov, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva, filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova iştirak ediblər. Dünyanın müxtəlif ölkələrindən qatılan türkoloqlar arasında Türkiyədən prof. Aysu Ata, prof. Ceval Kaya, prof. Zəki Kaymaz, prof. Jalə Dəmirçi, prof. Sərkan Şən, prof. Mustafa Kaçalin və başqaları, Monqolustandan prof. Battulqa Tsendyin, Macarıstandan Prof. Mixail Dobrovits, Qazaxıstandan Prof. Napil Bazilxan, Özbəkistandan Prof. Rixsitilla Alimuxammedov, Yaponiyadan prof. Takaşi Osava, Koreyadan prof. Yonq-Sonq Li, Qırğızıstandan prof. Kıdıralı Konkabayev, dos. Nurdin Useev kimi alimlər iştirak ediblər.

Ankara Universitetinin Əl-Fərabi salonunda başlayan simpoziumun panelini Türk Dil Qurumu başqanı Osman Mərt açmış, Türkiyədən Prof. Səma Barutçu Özender, Azərbaycandan akademik Nizami Cəfərov çıxış etmişlər. Simpoziumun “Kül Tigin” salonunda filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva “Qədim türk hüquq mətnlərində feil sisteminin sosial-hüquqi funksionallığı” mövzusunda və filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova “Göytürk dilinin lüğət tərkibinin müasir Azərbaycan dialektlərində struktur-semantik dəyişmələri” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr dinlənildikdən sonra qədim türk hüquqi mətnlərin feil sistemi, qədim türkcənin leksik sistemi müasir türk dilləri ilə müqayisədə müzakirə edilib. Fil.e.d., prof. Sevinc Əliyevanın moderatorluq etdiyi on ikinci bölmədə Orxon-Yenisey və qədim uyğur mətnlərinin əlifba sistemi, dili, qrammatikası, mövzusu ətrafında elmi müzakirələr aparılıb.

Simpoziumun onlayn formatda keçirilən XIII bölməsində Monitorinq şöbəsinin elmi işçisi Gülnar İsmayılova “Əski Anadolu türkcəsində qədim türkcənin leksik qatının əksi (Yunis Əmrə və Qazı Bürhanəddin “Divan”ları)” mövzusunda məruzə ilə çıxış edib. Ayrı-ayrı salonlarda və on üç bölmədə davam edən simpoziumun bölmə iclaslarının müzakirələrində Azərbaycan alimləri fəal iştirak ediblər.

Simpoziumda Azərbaycan, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Yaponiya, Macarıstan, Gürcüstan və başqa ölkələrdən tanınmış alim və gənc tədqiqatçılar iştirak etmişdir. Bölmə iclasları zamanı qədim türk dilinin mənbələri, əlifba məsələləri, müasir türk dillərində qədim türk leksikasının təzahürləri və dəyişmə məsələləri müzakirə olunub. Simpozium bu istiqamətdə aparılan araşdırmalarda əməkdaşlığın gücləndirilməsi baxımından mühüm elmi platforma kimi dəyərləndirilib.

Simpozium çərçivəsində türkoloqlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, birgə elmi layihələrin hazırlanması və genişləndirilməsi məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: