AMEA-nın Azad Həmkarlar İttifaqının Rəyasət Heyətində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş dəyirmi masa keçirilib.
Giriş sözü ilə AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində müstəsna rola malik dahi şəxsiyyətdir. O, respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan naminə yaşayıb yaratmışdır. Onun qəti və siyasi baxımdan düşünülmüş addımları nəticəsində hələ sovetlər dönəmində Azərbaycan bütün sahələrdə inkişaf etmişdir.
“Bildiyiniz kimi, sovetlər dönəmində də ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırır, Qarabağı Azərbaycandan qoparmağa çalışırdılar. Lakin bütün hallarda onların bu fəaliyyətlərinin qarşısı Ulu Öndərin uzaqgörənliyi ilə alınırdı. Məhz Ulu Öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan Respublikası 90-cı illərdə baş verən daxili və xarici təxribatları dərk edərək öz mövcudluğunu qoruya bildi. Bu dövrdə Ulu Öndərin siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunmasına və güclənməsinə hədəflənmişdi.
Bugün bizim əldə etdiyimiz uğurların təməli məhz Ulu Öndər tərəfindən atılmışdır. Ulu Öndərin ideyaları və fəaliyyətləri zamanın fövqündə dururdu. Zamanın fövqündə durmaq isə dahi şəxsiyyətlərə xas xüsusiyyətdir. Ulu Öndərin Azərbaycan xalqından olan gözləntilərindən ən başlıcası işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Sevindirici haldır ki, biz bu gözləntini Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin müdrik və cəsur rəhbərliyi ilə doğrulda bildik. Bu gün ölkəmiz regional lider dövlət, əsas güc mərkəzidir. Azərbaycan bir sıra məsələlərdə dünyanın aparıcı ölkələrinin hesablaşdığı bir dövlətdir. Biz bütün bu uğurlara görə Ulu Öndərin dərin siyasi ideyalarına və uzaqgörən strategiyasına borcluyuq. Ulu Öndərin əziz xatirəsi hər bir vətənpərvər azərbaycanlının qəlbində böyük ehtiramla yaşayır və yad edilir”, - deyə Sənan Həsənov vurğulayıb.
Daha sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatının Mülki Müdafiə şöbəsinin müdiri, AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü Nizami Vəliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü Asya Əhmədova, AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü İlham Əliyev və AMEA Azad Həmkarlar İttifaqının əməyin texniki müfəttişi Həsənqulu Qurbanov Ulu Öndərin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, Ulu Öndərin əsas diqqət mərkəzində hər zaman Azərbaycan vətəndaşı, onun rifahı və respublikamızın güclənməsi dayanırdı. O, bütün varlığı ilə xalqa bağlı olan dahi şəxsiyyət idi. Heydər Əliyevin qəbul etdiyi qərarların, fikir və ideyalarının xalqımız və dövlətimiz üçün əhəmiyyəti illər ötdükcə daha aydın görünməyə başladı. Ulu Öndərin xalqımız qarşısında tələb və gözləntiləri də var idi. Bunun mərkəzində isə Azərbaycana və Azərbaycançılıq ideyasına sadiqlik durur. Biz Ulu Öndərin ideyalarına sadiqliyimizi əməli işimizdə doğrultmalı və cənab Prezident İlham Əliyevin qüdrətli Azərbaycan naminə uğurla həyata keçirdiyi titanik fəaliyyətinə öz töhfələrimizi verməliyik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.