AR Elm və Təhsil Nazirliyinin “Molekulyar Biologiya İnstitutu” PHŞ-də Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə institutun rəhbərliyi və əməkdaşları I Fəxri Xiyabanı ziyarət edərək, Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizin müstəsna şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevin məzarı önündə onun əziz xatirəsini böyük ehtiramla yad edib və abidəsi önünə gül dəstələri düzüblər. Ziyarətdən sonra institutda anım mərasimi davam etdirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik İradə Hüseynova açıb.
Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından akademik İradə Hüseynova geniş məruzə ilə çıxış edib. Akademik çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması, müstəqil dövlət quruculuğunun möhkəmləndirilməsi və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tarixi missiyaya xüsusi diqqət çəkib. O bildirib ki, Ulu Öndərin siyasəti bu gün də Azərbaycanın sosial-iqtisadi, siyasi, elmi və mədəni inkişaf xəttinin əsasını təşkil edir.
İradə Hüseynova vurğulayıb ki, Heydər Əliyev dövlət idarəçiliyində müdrikliyin, prinsipiallığın və uzaqgörənliyin nümunəsi olmaqla yanaşı, elmin strateji sahə kimi inkişafına hər zaman xüsusi əhəmiyyət verib. Alimlərin fəaliyyətinə göstərilən yüksək diqqət, elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, gənc kadrların hazırlığı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi Ulu Öndərin elmi düşüncəyə və innovativ inkişaf strategiyasına verdiyi dəyərin bariz göstəricisidir. Akademik əlavə edib ki, bu xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan elmi yeni mərhələyə yüksəlir.
Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktoru Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Səadət Xudaverdiyeva, Vüsalə Xəlilzadə, institutun Təchizat və Təminat şöbəsinin müdiri Natiq Məmmədov, doktorant Mehriban Şabanova çıxış edərək Heydər Əliyevin elmi mühitin inkişafı və Azərbaycanda elmi-tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi sahəsində oynadığı rol barədə fikirlərini bölüşüblər. Natiqlər qeyd ediblər ki, hələ sovet dövründə Ulu Öndər elmin strateji əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin intellektual potensialının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Böyük Dövlət Adamının təşəbbüsü ilə minlərlə Azərbaycan gənci SSRİ-nin aparıcı elmi mərkəzlərində təhsil almağa göndərilib. Bu siyasət sayəsində ölkədə güclü elmi kadr potensialı formalaşıb və respublikanın elmi-intellektual inkişafının əsası qoyulub. Bu gün ölkədə əldə olunan nailiyyətlər məhz həmin strateji qərarların nəticəsi kimi qiymətləndirilməlidir. Çıxış edənlər Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayaraq, Ulu Öndərin ölməz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbirin sonunda Heydər Əliyevin həyat yolunu, dövlətçilik fəlsəfəsini və ölkəsinə misilsiz sədaqətini əks etdirən videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.