Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2025 11:48
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun 2025-ci il üzrə illik hesabatını təqdim edib

Dilçilik İnstitutunun 2025-ci il üzrə illik hesabatını təqdim edib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda il ərzində görülmüş işlərə dair illik hesabat təqdim olunub.

Hesabat iclasında institutun rəhbər heyəti, o cümlədən təhkim olunan şəxs qismində akademik Nizami Cəfərov və AMEA Rəyasət Heyətindən filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlova iştirak ediblər. 

İnstitutun elmi katibi Aynel Məşədiyeva nəzərə çatdırıb ki, il ərzində institutun 13 şöbəsi və 1 laboratoriyasında ümumilikdə 107 tədqiqat işi yerinə yetirilmişdir. Tədqiqatlar Azərbaycan dilçiliyinin müxtəlif istiqamətlərini ‒ müasir dilçilik, nəzəri dilçilik, dialektologiya, türk dilləri, sosiolinqvistika və psixolinqvistika, toponimika, terminologiya, tətbiqi dilçilik, eksperimental fonetika sahələrini əhatə edib.

Hesabatda institutun direktoru, professor Nadir Məmmədlinin 2025-ci ildə elmi və akademik fəaliyyətinin xüsusi yer tutduğu vurğulanıb. Onun bu il ərzində iki mühüm kitabı nəşr olunub. Bu əsərlər institutun elmi nailiyyətləri sırasında xüsusi qeyd edilib və dilçilik elminə mühüm töhfə kimi dəyərləndirilib.

Hesabatda xüsusi qeyd olunub ki, 2025-ci ildə Süni intellekt və kompüter dilçiliyi şöbəsi tərəfindən Azərbaycan dilinin milli korpusu üzrə mühüm bir mərhələ tamamlanmışdır. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanmasında süni intellekt dəstəyinin tətbiqi də il ərzində əsas yeniliklərdən biri olub.

İl ərzində institut əməkdaşlarının bir sıra monoqrafiya, lüğət və dərslikləri çap olunub, o cümlədən AMEA-nın 80 illik yubileyinə həsr olunmuş nəşrlər hazırlanıb. Eyni zamanda institut alimləri Türkiyə, Qazaxıstan, Rusiya, Moldovanın ali təhsil müəssisələri və elmi mərkəzlərində keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış ediblər. Ümumilikdə il ərzində institutun iştirak etdiyi tədbirlərin sayı 50-dən artıq olub.

Sonda akademik Nizami Cəfərov və AMEA Rəyasət Heyətinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlova institutun gördüyü işləri yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: