AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 15 Dekabr - Dünya Türk Dili Ailəsi Günü münasibətilə “Dilin gücü, mədəniyyətin yaddaşı: Türk dünyasında ortaq dəyərlər” mövzusunda I beynəlxalq elmi simpozium keçirilib.
Tədbiri giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin adından qonaqları salamlayıb.
Elmi simpoziumun Dünya Türk Dili Ailəsi Günündə keçirilməsinin təsadüfi olmadığını deyən Mehman Həsənli bildirib ki, UNESCO-nun Səmərqənddə keçirilmiş Baş Konfransında bu əlamətdar günün qeyd olunması ilə bağlı qəbul etdiyi tarixi qərar türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. UNESCO-nun bu qərarı həm də türkdilli ölkələrin elmi və mədəni təşkilatları, xüsusilə TÜRKSOY və digər qurumlar arasında əməkdaşlığın daha da dərinləşməsinə geniş imkanlar açır.
O, Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiyanın hazırda ən yüksək səviyyədə davam etdiyini söyləyərək, türk dilləri ailəsinin yalnız dilçilik kateqoriyası deyil, ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısı olduğunu qeyd edib.
“Dünyaya nümunə göstərilən Azərbaycan-Türkiyə birliyi, qardaşlığı sarsılmaz və əbədidir”, - deyən Mehman Həsənli iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Direktor müavini, həmçinin AMEA-nın Türkiyə və Özbəkistanın elm və təhsil qurumları ilə elmi əlaqələrinə diqqət çəkib. O, Azərbaycanın zəngin ənənəyə malik türkologiya elminin və Türk dünyası ilə əlaqələrin inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Türk dünyasının ortaq əlifbasının formalaşdığını söyləyən alim ortaq əlifbanın xalqlarımızın mənəvi birliyinə xidmət edəcəyini, türk xalqlarını bir çox sahələrdə daha da yaxınlaşdıracağını qeyd edib.
Çıxışının sonunda Mehman Həsənli beynəlxalq tədbirin Türk dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, yeni ortaq layihələrin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra Türkiyənin Qafqaz Universitetinin Ebu'l Hasan Harakani Tədqiqat və Tətbiq Mərkəzinin müdiri dosent Muhammed Alparslan Kartal çıxış edərək tədbirin Dünya Türk Dili Ailəsi Gününə həsr olunan ilk beynəlxalq simpozium kimi tarixi əhəmiyyət daşıdığını söyləyib. O, simpoziumun növbəti illərdə Türkiyədə, Özbəkistanda və digər Türk dövlətlərində keçirilməsini məqsədəuyğun hesab edib.
Muhammed Alparslan Kartal beynəlxalq simpoziumun türkdilli dövlətlər arasında elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.
Tədbirdə Uludağ Ətraf Mühit Agentliyinin rəis müavini professor Mehmet Yüce, Özbəkistanın Beynəlxalq Buxara Universietinin rektoru professor Şarif Baratov və başqaları çıxış edərək simpoziumun işinə uğurlar arzulayıblar.
Çıxışlarda 2026-cı ildə türk xalqlarının dil, mədəniyyət və elmi əməkdaşlıq tarixində mühüm mərhələ olan Birinci Türkoloji Qurultayın 100 illiyinin də Bakıda qeyd olunacağı bildirilib.
Daha sonra simpozium öz işini panel iclasları ilə davam etdirib.
“Türk coğrafiyası ədəbiyyat və mədəniyyətdə: Ortaq dəyərlər”, “Türk dil tarixi, söz varlığı və ortaq dil məsələləri”, “Türk dünyasında söz mədəniyyəti: Folklor və ortaq dəyərlər”, “Klassik və modern türk ədəbiyyatı: Mətnlər, şeir və kimlik”, “Tarix, milli dəyərlər və siyasət”, “Din, dəyərlər, təhsil və tarixi irs”, “Türk ədəbiyyatında qədim dəyərlər” adlı iclaslarda müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.