Azərbaycanın ilk beynəlxalq ingilis dilli, beynəlxalq redaksiya və rəyçilərə malik, DOI ilə indekslənmiş kardiologiya jurnalı olan “Journal of Heart Disease and Therapy” artıq 3-cü nömrəsini təqdim edib. Jurnal Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənib və dövri nəşriyyat siyahısına daxil olunub.
Təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilib. Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova, həmçinin AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbir iştirakçılarını salamlayaraq jurnalın əhəmiyyətindən danışıblar.
Professor Gülnaz Dadaşova çıxışında jurnalın Azərbaycan kardiologiyasının beynəlxalq elmi arenada tanıdılmasında əhəmiyyətini vurğulayaraq, jurnalın tibb elmi və klinik təcrübənin inkişafına töhfə verəcəyini qeyd edib: “Bu jurnal yalnız yerli alimlər üçün deyil, eyni zamanda beynəlxalq kardiologiya ictimaiyyəti üçün də qiymətli bir platformadır. Biz burada biliklərimizi paylaşır, yeni araşdırma istiqamətlərini müəyyən edirik, təqdirəlayiq haldır ki, jurnalın redaksiya heyətinə Avropa, Asiya və Azərbaycanın aparıcı kardioloqları bir araya gəlib”.
Tədbirdə, həmçinin professor Alberico Katapone, professor Dr. Ziviad Kipiani iştirak edərək jurnalın beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər və gələcək birgə layihələrin perspektivlərindən danışıblar.
Jurnalın təqdimatını həyata keçirən t.ü.f.d. Vüsal Hacıyev 3-cü nömrənin məzmunu, aktual mövzuları və gələcək planları barədə geniş məlumat verib, beynəlxalq mütəxəssislərlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində jurnalın mövcud elmi nailiyyətləri, araşdırma sahələri və kardiologiya elminin inkişafına töhfəsi geniş şəkildə təqdim olunub.