AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Humanitar və ictimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda II Respublika elmi konfransı keçirilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi konfransın plenar iclasını giriş nitqi ilə institutun Elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli açaraq, akademiyanın elmi ənənələrin qorunub saxlanılması, yeniləşmə proseslərinin daha da genişləndirilməsi, elmin inkişafı istiqamətində gördüyü işlər və əvəzsiz xidmətlərindən bəhs edib. Alim bu cür aktual mövzunu əhatə edən konfransın məhz gənclər tərəfindən keçirilməsini təqdirəlayiq hesab edərək konfransın işinə uğurlar arzulayıb, çıxış üçün sözü institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səadət Mustafayevaya verib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva çıxışında respublika əhəmiyyətli tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından xüsusi mahiyyət kəsb etdiyini diqqətə çatdırıb, konfransın təşkil olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan Milli Elmlər Akademiyası və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərliyinə öz minnətdarlığını bildirib.
Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova çıxışında gənclərimizin cəmiyyətdə fəallığını və idarəetmədə rolunu qeyd edərək onların müasir elmimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıb, ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq bir nəslin formalaşdığını diqqətə çatdırıb.
Konfrans bölmə iclasları ilə öz işinə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.