Dekabrın 16-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seysmik stansiyaların rəhbərləri və əməkdaşlarının iştirakı ilə iki günlük treninq - seminar öz işinə başlayıb.
Seminarda çıxış edən RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli iclasın keçirilməsində əsas məqsədin cari il ərzində mərkəzin respublikanın ayrı-ayrı bölgələrində yerləşən seysmik stansiyalarında aparılmış işlərin müzakirə olunması, eləcə də stansiyaların əməkdaşlarının cihaz və avadanlıqların iş prinspi və texniki parametrləri ilə bağlı məlumatlandırma xarakterli olduğunu deyib.
Baş direktor çıxışında 2025-ci ildə Azərbaycanda aparılan kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və alınmış nəticələr, eləcə də qarşıda duran vəzifələr barədə danışıb. RSXM-nin baş direktoru iclasda, həmçinin mərkəz əməkdaşlarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov seysmik stansiyaların əməkdaşları üçün hər il treninqlərin keçirilməsinin ənənəvi hal olduğunu qeyd edərək, RSXM-də istər seysmik dalğaların qəbulu, istərsə də digər tədqiqatlarda yeni cihaz və texnoloji imkanlardan istifadə edildiyini bildirib. O, bölgələrdə yerləşən stansiyaların əməkdaşları üçün bu sahədə mütəmadi olaraq maarifləndirmə işləri aparıldığını deyib.
Seminarda RSXM-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramiz İskəndərov çıxış edərək seysmik stansiyalarda görülmüş texniki işlər, aparılmış təmir-tikinti işləri haqqında məlumat verib. Aparılan texniki işlərə dair suallar cavablandırılıb.
Seminarda, həmçinin RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun rəisi yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, Geodinamika şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, Episentral şöbənin müdiri vəzifəsini icra edən Zahid Qədirov, Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin böyük elmi işçisi Aybəniz Kərəmova çıxış edərək aparılan tədqiqat işləri və bölgələrdəki stansiyalardan alınan məlumatların emal prosesi haqqında məlumat veriblər. RSXM-nin seysmik stansiyalarının rəhbərləri və əməkdaşları mövsüm dəyişikliyi ilə bağlı seysmik stansiyalarda görülən hazırlıq işləri haqqında məlumat veriblər.
Daha sonra seysmik stansiyaların əməkdaşları cihaz və avadanlıqların texniki parametrləri və iş prinsipləri ilə bağlı məlumatlandırılıblar. Mərkəzin müvafiq şöbələrinin rəhbərləri iclas iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, iki gün davam edəcək treninq - seminar dekabrın 17-də başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.