Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.12.2025 10:50
  • A-
  • A
  • A+

Rəyasət Heyətinin iclasında “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzə dinlənilib

Rəyasət Heyətinin iclasında “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzə dinlənilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, hər il Nobel mükafatlarının nəticələri açıqlandıqdan sonra ənənəvi olaraq bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında məruzələr dinlənilir, dünya elminin prioritetlərinə dair müzakirələr aparılır, Azərbaycan elminin dünya elmindəki mövqeyinin inkişaf tendensiyası qiymətləndirilir. Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü iclasda 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantlar da iştirak edirlər və Nobel mükafatları ilə bağlı təqdim olunacaq məruzə onların gələcək elmi fəaliyyətləri üçün də faydalı olacaq.

Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsini təqdim edib.

Akademik bildirib ki, Nobel mükafatına namizədlər İsveç və Norveç Akademiyaları, Nobel komitələri, Nobel mükafatçıları və Akademiyanın məsləhət bildiyi alimlər tərəfindən irəli sürülür. Hər il Nobel fondu aparıcı alimlərə sorğular göndərir və təqribən bir neçə min alim, onların kəşfləri haqqında məlumat toplanır və filtrdən keçirilir, onlardan bir neçə yüzü nominant kimi seçilir, 5-6 əsas namizəddən - finalistdən isə ən çoxu 3-ü Nobel mükafatına layiq bilinir. O qeyd edib ki, bugünə kimi ən çox Nobel mükafatı alan ölkələr - ABŞ (402), Böyük Britaniya (137), Almaniya (109), Fransa (68), İsveç (33) olub və cəmi 1020 laureatdan 66-sı qadındır.

Akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, 2025-ci ildə riyaziyyat Nobeli sayılan Abel mükafatına Masaki Kaşivara (Yaponiya), informatika sahəsində Türinq mükafatına isə Endryu Barto və Richard Satton (ABŞ) layiq görülüblər.

2025-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı ilə ABŞ alimləri Meri Brunka və Fred Ramstell və Şimon Sakaquçinin (Yaponiya) təltif edildiyini deyən məruzəçi mükafatın periferik immunoloji tolerantlığın immun sisteminin orqanizmə ziyanlı təsirinin qarşısını ala bilməsi sahəsində novator kəşflərə görə verildiyini bildirib.

Kvant aləminin insan gözünə görünə bilən obyektlərdə də müşahidə oluna bilməsini sübut edən eksperimentlərə görə isə Con Klark (Böyük Britaniya, ABŞ-da işləyir), Mişel Devore (Fransa, ABŞ-da Yels Universitetində işləyir) və Con Martinisin (ABŞ) Fizika üzrə Nobel mükafatı ilə təltif edildiklərini diqqətə çatdırıb.

Akademik Dilqəm Tağıyev 2025-ci ildə Kimya üzrə Nobel mükafatı ilə Susumi Kitaqava (Yaponiya), Riçard Robson (Böyük Britaniya, Avstraliyada işləyir) və Ömər Yaqinin (İordaniya, ABŞ-da işəyir) metal-üzvi karkasların (MOF) yaradılması sahəsində uğurlu tədqiqatlara görə layiq görüldüklərini bildirib: “Laureatlar molekulyar memarlığın yeni formasını yaradıblar. Bu konstruksiyada uzun üzvi radikallar düyünlərdə yerləşən metallarla böyük həcmdə məsamələri olan kristallar əmələ gətirir (MOF – metal-orqanic frameworks). Onları alanda tikinti bloklarını elə seçmək olar ki, konkret ölçülü molekulları udmaq və ya saxlamaq qabiliyyətinə malik olsunlar. Bu baxımdan onların potensial imkanları yüksək qiymətləndirilir”.

Həmçinin macar yazıçısı Laslo Kraskaxorkianın inandırıcı və uzaqgörən yaradıcılığına, apokalipsiz dəhşətlərinə baxmayaraq, incəsənətin gücünü bir daha təsdiq edə bilməsinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyünü qeyd edib.

Bundan əlavə, süni intellektin yeni texnologiyalarının köməyi ilə iqtisadiyyatın inkişafı və insanların rifahının yaxşılaşdırılması, innovasiyalar əsasında iqtisadi inkişafı izah etdiklərinə görə Joel Mokip (ABŞ) ilə Filip Aqion (Fransa) və Piter Xovidin (ABŞ) İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldüklərini diqqətə çatdırıb.

Mariya Korina Maçadonun isə 366 namizəd arasından Sülh üzrə Nobel mükafatı ilə təltif edildiyini söyləyib.

Akademik Dilqəm Tağıyev, həmçinin müsəlman ölkələrinin Nobel mükafatçıları, Nobel mükafatını ala bilməyən məşhur alimlər, yazıçılar, mükafatla bağlı bəzi problemlər və çətinliklər barədə də danışıb.

Məruzədə, o cümlədən qeyd olunub ki, bu gün süni intellekt, kvant hesablamaları, ekoloji həll texnologiyaları – yaşıl energetika, karbonun udulma texnologiyaları və s., həyat elmləri (tibb, koqnitiv və biotexnologiyalar), yeni materiallar və nano texnologiyalar, yaşıl texnologiyalar və sənaye texnologiyaları dünya elminin əsas prioritetləridir.

Akademik Dilqəm Tağıyev çıxışının sonunda, həmçinin kimya sahəsində dünya elminin əsas prioritetlərinə də toxunub, AMEA-nın 2026-2030-cu illər üçün “İnkişaf strategiyasında və Yol xəritəsi”ndə kimya elmləri üzrə nəzərdə tutulmuş prioritet istiqamətləri təqdim edib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: