Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2025 14:36
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda kitab təqdimatı keçirilib

Dilçilik İnstitutunda kitab təqdimatı keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türkiyənin Hacəttəpə Universitetinin müəllimi, Nəsimi adına Dilçilik İnstitutunun, Sumqayıt Dövlət Universitetinin fəxri doktoru, professor Şükrü Haluk Akalının “100. Yılında 100 soruda Bakü Türkoloji Qurultayı” adlı kitabının təqdimatı keçirilib.

Professor Şükrü Haluk Akalının I Türkoloji Qurultayın 100 illiyi münasibətilə faktlar, sənədlər, fotolar, rəsmi məlumatlar, xatirə və arxiv materialları əsasında hazırladığı kitab 1926-cı ildə Bakıda keçirilən və bütün Türk dünyasının mədəni-ictimai, siyasi tarixində mühüm bir hadisə kimi yer tutan qurultaya həsr olunub.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutunun, Ədəbiyyat İnstitutunun əməkdaşları ilə yanaşı Qarabağ Universitetindən, Azərbaycan Dövlət Pedaqoji Universitetindən və Bakı Avrasiya Universitetindən gələn qonaqlar da iştirak ediblər.

Tədbiri giriş sözü ilə institutunn direktor müavini fil.e.d., dosent Baba Məhərrəmov açaraq kitab haqqında məlumat verib.

Təqdimatda Türk dilləri şöbəsinin baş elmi işçiləri fil.e.d., dosent Qətibə Mahmudova, fil.e.d., dosent Qətibə Quliyeva öz tarixi missiyası və bu günümüzə ötürdüyü bəşəri çağırışları ilə əhəmiyyətli elmi-praktik, ideoloji tədbir olan I Türkoloji Qurultayının tarixindən bəhs edən kitab haqqında məlumat verib, kitabın həm türk dünyası, həm də gələcək türkoloji araşdırmalar üçün açdığı üfüqləri işıqlandırıblar. Çıxışçılar qeyd ediblər ki, I Türkoloji Qurultayın həm ideoloji-tarixi kontekstini, həm təşkilati və elmi-praktik detallarını sistemli şəkildə, original üslubda – sual-cavab formatında təqdim edilməsi kitaba sadəcə bir təsviri material kimi yox, konseptual yanaşmanı şərtləndirir.

Tədbirdə Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, fil.e.d., dosent Elçin İbrahimov, ADPU-nun professoru Elman Quliyev, Dilçilik İnstitutunun elmi katibi fil.e.d., dosent Aynel Məşədiyeva, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Türk dilləri şöbəsinin müdiri İsmayıl Kazımov, Bakı Avrasiya Universitetinin müəllimi, fil. ü.f.d. Kəmalə Ələkbərova qiymətli faktlarla zəngin olan kitabın tarixi-siyasi, eləcə də mənəvi dəyərindən söz açmış, uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyası ilə elmi əməkdaşlıq edən, Azərbaycan elm ictimaiyyəti ilə yaxından təmasda olan professor Şükrü Haluk Akalına təşəkkür edərək, kitabdakı dəqiqlik baxımından əvəzsiz olan faktların, məlumatların gələcək araşdırmalara yol açdığını qeyd ediblər. Tədbirin sonunda söz alan professor Şükrü Haluk Akalın məlumatların toplanması zamanı rastlaşdığı çətinliklərə, arxiv materiallarının və rəsmi faktların əldə edərkən yaşadığı əziyyətlərə baxmayaraq I Türkoloji Qurultayın pərdəarxası hadisələrini, gizli qalan məqamlarını açıqlayan belə bir kitabı ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini qeyd edib, təqdimata və göstərilən diqqətə görə institutun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: