Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2025 16:48
  • A-
  • A
  • A+

Amerikalı alim Əlyazmalar İnstitutunun qonağı olub

Amerikalı alim Əlyazmalar İnstitutunun qonağı olub

Amerikanın Berri Kollecinin (Berry College) tədqiqatçısı tarix ü.f.d., dosent Kelsi Rays (Kelsey Rice) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib.

Qonağı institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov qarşılayıb, ona institutun əsas fəaliyyət istiqamətləri, burada qorunan əlyazmalar, onların tətbiqinə dair görülən işlər haqqında məlumat verib. Görüşdə həmçinin elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli, Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova iştirak edib.

Amerikalı Azərbaycanşünas alim XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış Azərbaycan elm və mədəniyyət xadimlərinin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları ilə maraqlanıb, ölkəmizi və Əlyazmalar İnstitutunu Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında araşdırmalar aparmaq məqsədilə ziyarət etdiyini bildirib. İnstitutun oxu zalında Elmi xidmət şöbəsinin müdiri fil.ü.f.d., dosent Nailə Mustafayeva alimə araşdırma aparması üçün müvafiq şərait yaradıb.

Daha sonra qonağa İnstitutun Ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verilib. Amerikalı tədqiqatçı eyni zamanda Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olub.

Sonda Kelsi Rays Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: