Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.12.2025 14:10
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Naxçıvan Bölməsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərarı xalqın birliyinə, milli həmrəyliyimizə hesablanmış mühüm tarixi hadisə adlandırıb.

Bölmə sədri həmrəyliyimizin əsasını təşkil edən azərbaycançılıq ideyasının vacibliyindən bəhs edib. Bildirib ki, bu ideya milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir yumruq altında birləşməsində əvəzsiz rola malikdir.

Çıxış zamanı, həmçinin “Sərhəd hərəkatı”nın tariximizdəki yerindən, ölkədə doğurduğu böyük rezonansdan, Ümummilli Liderin həmin hərəkata siyasi qiymət verməklə onu düzgün istiqamətləndirməsindən bəhs olunub.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda məruzə edib.

Professor həmrəyliyə can atan Azərbaycan xalqının mücadiləsindən, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyində həlledici rol oynayan tarixi qərarından bəhs edib, bu əlamətdar günün mənəvi dəyərindən danışıb, onun tarixinə nəzər salıb.

Vurğulanıb ki, Heydər Əliyev ideyaları, onun siyasi xətti bu gün ölkəmizin başçısı tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə Azərbaycanın irəliyə doğru atdığı hər bir addım, qazandığı hər bir uğur dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın dövlətin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaradıb. Bu isə Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin möhkəmləndirilməsi üçün son dərəcə zəruridir.

Məruzə həmrəyliyimizi şərtləndirən amillər, diaspor quruculuğu sahəsində həyata keçirilən işlər və başqa mühüm məsələləri də əhatə edib.

Sonda yekun nitqi söyləyən akademik İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə kollektivi təbrik edib, xoş arzularını dilə gətirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: