Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.01.2026 20:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələrdə səsləndirdiyi fikirlərin ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin elm, təhsil və ana dilinin qorunması və inkişafı ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirərək qeyd edib ki, dövlət başçısının bu sahələrə göstərdiyi diqqət Azərbaycan elminin strateji inkişaf istiqamətlərini müəyyənləşdirir.

İsmayıl Hacıyev Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən və vaxtilə Ümummilli lider Heydər Əliyevə ünvanlanan suala da diqqət çəkib. Eyni zamanda, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələrdə səsləndirdiyi mühüm fikirlərə toxunaraq bildirib ki, dövlət başçısının Azərbaycan-ABŞ münasibətləri, beynəlxalq proseslər və milli maraqların qorunması ilə bağlı mövqeyi ölkənin müstəqil və prinsipial siyasətinin bariz ifadəsidir. Prezident İlham Əliyevin bu məsələlərə dair fikirləri Azərbaycanın dövlətçilik maraqlarının beynəlxalq müstəvidə ardıcıl və qətiyyətlə müdafiə olunduğunu nümayiş etdirir.

Akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və memarlıq ili” elan edilməsindən irəli gələn vəzifələrdən danışaraq, bu qərarın elmi-tədqiqat müəssisələri qarşısında yeni və mühüm öhdəliklər qoyduğunu qeyd edib. O, şəhərsalma və memarlıq sahəsində tarixi irsin öyrənilməsi, qorunması və elmi əsaslarla təbliğinin aktuallığını diqqətə çatdırıb.

İclasda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında tarix-memarlıq abidələrinin bərpa və konservasiyası ilə bağlı imzaladığı mühüm sərəncamlar da xüsusi vurğulanıb. Akademik İsmayıl Hacıyev bildirib ki, Möminə xatun türbəsinin bərpa və konservasiyası haqqında 22 may 2025-ci il tarixli sərəncamı, Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında 18 sentyabr  2025-ci il tarixli sərəncamı, həmçinin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam Naxçıvanın zəngin maddi-mədəni irsinə dövlət səviyyəsində göstərilən yüksək qayğının bariz nümunəsidir.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının 2026-cı il üçün İş planı, elmi işçilərin fərdi iş planlarının təsdiq olunması kimi məsələlər müzakirə edilib. Həmçinin institutun bəzi əməkdaşlarının vəzifə və elmi dərəcələrində dəyişiklik edilməsi məsələlərinə baxılıb.

Şöbələrin elmi-tədqiqat planlarının təsdiqi, eləcə də nəşrə hazırlanmış kitab və məqalələr ilə bağlı Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov danışıb.

İclasda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev isə elmi seminarların 2026-cı il üçün iş qrafikinin təsdiqi barədə məlumat verib. 

İclasın sonunda gündəlikdə nəzərdə tutulan bütün məsələlərin ətraflı müzakirə edildiyi qeyd olunub, AMEA Naxçıvan Bölməsində görülən elmi və təşkilati işlər təhlil olunaraq müsbət qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə, təhsilə, tarixə və milli-mədəni irsin qorunmasına göstərdiyi ardıcıl və məqsədyönlü diqqət ölkədə elmi düşüncənin inkişafına, tarixi həqiqətlərin obyektiv şəkildə araşdırılmasına və milli dəyərlərin gələcək nəsillərə elmi əsaslarla çatdırılmasına möhkəm zəmin yaratdığı xüsusi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: