Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli kanallara verdiyi müsahibədə Azərbaycan dilinin saflığının qorunması barədə bəyan etdiyi fikirlər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin iclasında geniş müzakirə olunub.
İclası açan şöbə müdiri Lalə Qurbanova çıxışında Prezident İlham Əliyevin yad sözlərin dilimizin saflığına zərər vurduğu barədə fikirlərini tamamilə haqlı sayaraq bildirib ki, Hind-Avropa dilləri şöbəsində yerinə yetirilən cari tədqiqatlarda, Hind-Avropa dilləri ilə Azərbaycan dili arasında aparılan müqayisəli araşdırmalarda Azərbaycan dili ön planda götürüləcək.
O vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan dili haqqında söylədiyi fikirlərlə bütün vətəndaşları bir daha ana dilimizi qorumağa səslədi. Qloballaşan dünyada Azərbaycan dilinə gələn əcnəbi sözlər dilimizin saflığına zərər vurur, min illərin sınağından çıxmış kəlmələri lüğət tərkibindən və eləcə də danışıqdan sıxışdırıb çıxarır. Məhz bu baxımdan da müxtəlif lüğətlərin düzgün tərtib edilməsi və lazımsız alınma sözlərin lüğətlərdən çıxarılması Azərbaycan dilinin inkişafı istiqamətində görülən işlər arasında prioritet addımlardan olmalıdır.
O qeyd edib ki, Azərbaycan dili qədim tarixə malikdir, tarix boyunca dəfələrlə təzyiqlərə məruz qalsa da, yüz illər ərzində öz varlığını qoruyub saxlamışdır. Həmçinin Azərbaycan dilinin zəngin lüğət tərkibinin formalaşmasında və inkişaf etməsində yazılan dərsliklərin, bədii əsərlərin, KİV-nin rolu böyükdür.
Şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Gülşən Axundova Prezident İlham Əliyevin yerli mətbuata verdiyi müsahibəyə münasibət bildirərək qeyd edib ki, Prezident İlham Əliyev dilimizlə bağlı söylədiyi fikirlərlə bütün azərbaycanlıları, o cümlədən dilçi-alimləri gələcəkdə aparacaqları tədqiqatlarda və dil tədrisi fəaliyyətlərində daha da məsuliyyətli olmağa çağırır. Bu o deməkdir ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Gülşən Axundova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın gələcəyi üçün dilimizi qoruyub saxlamağın vacibliyini bir şərt kimi qarşıya qoymuşdur və həmin siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev qeyd edir ki, “Xarici kəlmələr dilimizi pozur, sarsıdır, Azərbaycan dili damcı-damcı əldən gedir. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Əgər Azərbaycan dili müstəmləkə dövründə qorunub saxlanılıbsa, biz bundan sonra da onu yaşatmalıyıq”. Gülşən Axundova çıxışında bildirib ki, dilimizdə xarici kəlmələrin yerli-yersiz işlənməsi doğru deyildir və araşdırmalarda bu məsələ ön planda tutulmalıdır. O qeyd edib ki, Hind-Avropa dilləri şöbəsinin bütün əməkdaşları gələcək tədqiqatlarında Azərbaycan dilində yersiz işlənən xarici kəlmələri öz dilimizə məxsus leksik vahidlərlə əvəz edilməsi məsələsini əsas götürəcək.
Şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d Sədaqət Cumayeva müzakirədə çıxış edərək Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri olduğunu vurğulayıb. Sədaqət Cumayeva qeyd edib ki, qloballaşan dünyada dillərarası əlaqənin artması təbii proses olsa da, ana dilinin saflığının qorunması xüsusilə təhsil sahəsində əsas məsələ kimi diqqət mərkəzində saxlanılmalıdır, çünki təhsil sistemi cəmiyyətin gələcəyini formalaşdırır və gənc nəslin ana dilinə münasibətini müəyyənləşdirir. Bu baxımdan təhsil sistemində Azərbaycan dilinin tədrisi yalnız fənn kimi deyil, milli dəyər kimi təqdim olunmalıdır. Dərslərdə yad sözlərin yerli-yersiz işlədilməsinin qarşısının alınması, Azərbaycan dilinin zəngin ifadə imkanlarının şagirdlərə aşılanması mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə xarici dillərin öyrənilməsi zərurətə çevrilib. Lakin xarici dilin öyrənilməsi ana dilinin kölgədə qalması demək deyil. Əksinə, dilçilik təcrübəsi göstərir ki, ana dilini mükəmməl bilən şəxs xarici dili də daha asan və düzgün mənimsəyir. Sədaqət Cumayevaya görə, Azərbaycan dilinin saflığının qorunmasını təhsil sistemində ana dilinə ciddi yanaşmadan və bu prosesi sistemli şəkildə davam etdirməkdən asılıdır.
Şöbənin böyük elmi işçisi, fil.ü.f.d. Sevinc Şükürlü öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin qorunması milli kimliyimizin və dövlətçiliyimizin qorunması deməkdir və bu məsuliyyət hər bir vətəndaşın üzərinə düşür. Bu gün nitqimizdə başlanğıc əvəzinə start, təqdimat əvəzinə prezentasiya, təsir yox, effekt, bacarıq əvəzinə potensial kimi xarici sözlərə üstünlük verilməsi fikri daha dolğun etmir, əksinə, ana dilinin imkanlarını kölgədə qoyur. Halbuki Azərbaycan dili istənilən anlayışı dəqiq və aydın şəkildə ifadə etməyə qadirdir. Bu səbəbdən hər birimiz şifahi nitqdə və yazıda söz seçiminə daha diqqətlə yanaşmalı və ana dilimizin imkanlarından maksimum dərəcədə istifadə edərək dilimizi lüzumsuz işlənən yad sözlərdən təmizləməliyik.
Şöbənin böyük elmi işçisi Bəturə Əliyeva bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasından danışarkən bu məsələnin məhz milli kimlik məsələsi olduğunu xüsusi vurğuladı. Cənab Prezident İlham Əliyev doğru olaraq qeyd etdi ki, ana dilinin qorunması hər bir vətəndaşın borcudur və bir dilçi alim kimi bizim üzərimizə də böyük məsuliyyət düşür. Biz xarici dil mütəxəssisi olsaq da, Azərbaycan dili bizim tədqiqatlarımızda ön planda olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan dili böyük tarixi keçmişə, zəngin leksik sistemə malik və daima inkişaf edən dillərdən biridir. Tədqiqatlarda xarici dillərlə müqayisədə Azərbaycan dilinin zənginliyini üzə çıxarmalıyıq və sanballı araşdırmalarımızla dilimizi bütün dünyaya tanıtmalıyıq. Azərbaycan dilinin saflığını qorumaq üçün lüzumsuz işlənən yad sözləri öz ana dilimizə mənsub sözlərlə əvəz etməli və bunu da cəmiyyətimizdə təbliğ etməliyik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.