Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirə toplaşmış institut əməkdaşları vətənimizin ərazi bütövlüyü və dövlətimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə yüksəlmiş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev tədbiri giriş sözü ilə açdı. O bildirdi: “36 il əvvəl Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, öz hüquqlarının, azadlığının və tarixi torpaqlarının bütövlüyünün müdafiəsinə qalxmış və bu müqəddəs amallar uğrunda qurbanlar vermiş mərd bir xalqdır”. Eyni zamanda Fərhad Quliyev həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin bir vətənpərvər kimi nümayiş etdirdiyi prinsipial mövqeyini qeyd etdi. “Xüsusi olaraq qeyd etməliyəm ki, məhz, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi. Bu gün dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təsbit olunub və 20 Yanvar şəhidləri bu müstəqilliyin və milli qürurun təsbitində özlərini qurban vermiş qəhrəmanlardır. Onların arzuları yerinə yetdi və bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəfər bayrağını Xankəndi kimi şəhərimizdə qaldırdı” – deyə Fərhad Quliyev vurğuladı.
Daha sonra söz alan tarix elmləri doktoru, professor Hidayət Cəfərov 20 Yanvar hadisələri ərəfəsində keçmiş SSRİ-də və o dövrdə Azərbaycanda baş verən siyasi proseslərdən söz açdı. Professor H.Cəfərov bildirdi ki, 20 Yanvar hadisəsi sosializm adı altında müstəmləkə siyasətinin ifşası oldu və Azərbaycan xalqının qəhrəmanlığının növbəti nümayişi idi. “Sözsüz ki, o dövrdə Ulu Öndər xalqımızın başında dursa idi, bu hadisələrin qanlı mərhələyə keçməsinin qarşısı alınacaqdı” – deyə professor Hidayət Cəfərov qeyd etdi. “Tarixin bu imtahanından da Azərbaycan xalqı alnıaçıq və üzüağ çıxdı, bütün dünyaya qəhrəmanlıq nümunəsi göstərdi” – deyə o bildirdi.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Abbas Seyidov çıxışında göstərdi ki, hər bir çoxmillətli imperiyanın hakimiyyəti böhran dönəmlərində öz əhalisi daxilində etnik qarşıdurma yaradır. Bu baxımdan SSRİ-nin çökməsini aydın görən Qorbaçov və onun komandası etnik münaqişələri törətməkdə idi. Amma bu zaman Kreml birmənalı olaraq münaqişə tərəflərindən birini dəstəkləyirdi. Moskvada Heydər Əliyevin vəzifələrdən kənarlaşdırılması və cəmiyyətdən təcrid edilməsi, erməni millətçisi Ağanbekyanın Fransa mediasına müsahibəsində Qarabağa açıq ərazi iddiaları, SSRİ xüsusi xidmətlərinin Sumqayıtda törətdiyi təxribatlar, 230 000-dən çox azərbaycanlının Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalması, erməni terrorizminin güclənməsi və d. faktlar – Kremlin özü tərəfindən qızışdırılan münaqişədə kimin tərəfini tutduğunu bariz göstərirdi. “20 Yanvar hadisələrinə gətirib çıxarmış səbəblərdən biri də xalq hərəkatına başçılıq edən bəzi insanların təcrübəsizliyi, açıq təxribat mövqeyi idi. Lakin bu gün biz öz ərazisini bərpa etmiş güclü bir dövlətdə yaşayırıq. Azərbaycan xalqının əzmi, Ulu Öndərin apardığı müdrik siyasət və onun davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sarsılmaz mövqeyi qələbələrimizin əsası oldu” - deyə professor Abbas Seyidov vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.