Yanvarın 19-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirildikdən sonra tədbiri açan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 20 Yanvar faciəsi zamanı Bakıda törədilən qırğınlar haqqında danışıb. 1990-cı ildə yanvarın 19-dan 20-ə keçən gecə Bakıda sovet qoşunları tərəfindən mülki əhaliyə qarşı qırğın törədildiyini qeyd edən baş direktor faciə qurbanlarının xatirəsinin hər zaman xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RSXM-nin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı “20 Yanvar faciəsinin Azərbaycandakı ictimai-siyasi proseslərə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş sovetlər birliyinə daxil olan respublikalarda gedən ictimai-siyasi proseslər, eləcə də Azərbaycanda milli - azadlıq hərəkatının güclənməsi və Ermənistanın Qarabağa olan iddialarının Moskvadan dəstəklənməsi fonunda Azərbaycanda xalqın sovet quruluşuna qarşı etirazlarının artdığını bildirib: “20 Yanvar faciəsindən əvvəl bizim Qarabağdakı kəndlərimizdə ermənilər bir sıra vəhşiliklər törətmişdilər və bu proses davamlı şəkildə gedirdi. Topxana meşəsinin məqsədli şəkildə qırılması bu prosesləri bir az da gərginləşdirmişdi. Azərbaycan xalqı bütün baş verənlərə və “qırmızı imperiyanın” əsarətinə qarşı etiraz edirdi. Belə bir vaxtda keçmiş sovet rəhbərliyi bütün hüquqi qaydalar, humanizm və insanlıq dəyərlərini pozaraq Bakıya mülki vətəndaşların üzərinə ağır texnikalarla hücum etdi. 20 Yanvar faciəsinin qurbanları arasında təkcə yetkin insanlar deyil, yaşlılar və azyaşlı uşaqlar da var. Çünki faciə gecəsi sovet hərbiçiləri kimliyindən asılı olmayaraq hər kəsə atəş açmışdı”.
Şöbə müdiri öz çıxışında Ulu Öndər Heydər Əliyevin hadisənin ilk günlərindəcə ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək brifinq keçirdiyini və sovet rəhbərliyinə öz etirazını bildirdiyini xatırladaraq, “baxmayaraq ki, həmin vaxt Ulu Öndərin özü üçün də böyük təhlükələr var idi, amma Heydər Əliyev hər cür təhlükəyə baxmayaraq keçmiş sovet rəhbərliyindən Bakıda törədilən qırğınlara cavab tələb etmişdi. 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilməsi, eləcə də faciənin dünyada tanıdılması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsində Ulu Öndərin böyük əməyi vardır”, - deyib.
Vüsalə Rafiqqızı onu da bildirib ki, ötən əsrin əvvələrində də rus qoşunları XI Qızıl ordu adı ilə Bakıya gələrək qırğınlar törətmiş və Azərbaycanı işğal etmişdi. Tarix göstərdi ki, əsrin əvvəlində Bakıda qırğın törədən bir imperiya Azərbaycan xalqını öz əsarətində saxlamaq üçün 1990-cı ilin 20 Yanvarında bir daha qırğınlar törədərək xalqın gözünü qorxutmaq, iradəsini sındırmaq istəyirdi. 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanında əsrin əvvəllərində eyni imperiya tərəfindən qətlə yetirilmiş azərbaycanlılar dəfn olunmuşdu. Yaşadığımız tarix sanki bununla bizə bir ibrət dərsi verdi. Ona görə də biz heç vaxt xalqımızın başına gətirilən faciələri, qırğınları unutmamalıyıq. Bu gün Azərbaycan xalqı öz Ali Baş Komandanının, əsgər və zabitlərinin, hər zaman qəlblərimizdə əbədi yaşayacaq qəhrəman oğullarmızın - şəhidlərimizin sayəsində öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu gün biz Qalib ölkəyik və regiondakı əsas güc mərkəzlərindən biriyik. Bizi faciələr yaşayan xalqdan Qalib xalqa çevirən, bir yumruq altında birləşdirən Cənab Ali Baş Komandanımıza minnətdarıq. Onun iradəsi, onun uzaq görən siyasəti və müdrikliyi sayəsində, eləcə də qəhrəman oğullarımızın - şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlıqlar nəticəsində bu gün Qarabağımız azaddır. Zəngəzura doğru yol açırıq. Azərbaycan xalqı humanist və sülhsevər xalqdır. Biz tariximizi, tariximizdə başımıza gətirilən fəlakətləri unutmuruq, ancaq gələcəyə inamla baxırıq. İnanırıq ki, bundan sonra bölgəmizdə sülh və inkişaf olacaq.
Daha sonra RSXM-nin Elektron xidmətlər şöbəsi tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.