AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “20 Yanvar: xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda elmi konfrans təşkil edilib.
Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı giriş sözü ilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev açıb. O, 20 Yanvar hadisələrinin Azərbaycan tarixində yalnız faciə kimi deyil, eyni zamanda xalqın iradəsini, azadlıq əzmini və milli birliyini nümayiş etdirən qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməli olduğunu vurğulayıb. Vəli Baxşəliyev qeyd edib ki, 1990-cı il yanvarın 20-də dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət xalqımızın milli azadlıq mübarizəsini dayandıra bilməyib, əksinə, müstəqillik ideyasını daha da gücləndirib.
Vəli Baxşəliyev məruzəsində həmin dövrün ictimai-siyasi mənzərəsini təhlil edib və Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “20 Yanvar qırğını – insanlığa qarşı cinayət” mövzusunda geniş məruzə edib. O, 20 Yanvar hadisələrinə beynəlxalq hüquq və insan hüquqları prizmasından yanaşaraq, bu qırğının bütün parametrlərinə görə insanlığa qarşı törədilmiş cinayət olduğunu elmi faktlarla əsaslandırıb.
Zeynəb Quliyeva, həmçinin müasir dövrdə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmiş, regionda sülhün və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilmiş dövlət kimi çıxış etdiyini diqqətə çatdıraraq, 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını bildirib.
Konfransda AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “20 Yanvar hadisələri bədii ədəbiyyatımızda” mövzusunda məruzə edib. O, 20 Yanvar faciəsinin Azərbaycan ədəbiyyatında nəsr və poeziyada geniş əks olunduğunu, zaman keçdikcə bu mövzunun daha dolğun və dərindən işlənməyə başladığını qeyd edib. Məruzəçi bildirib ki, dinc insanlara qarşı törədilmiş bu qanlı hadisə ədəbiyyatımızda daim aktual mövzu olaraq qalacaq, şair və yazıçılarımız xalqın ağrısını, etirazını və qəhrəmanlığını söz vasitəsilə dünyaya çatdırmağa davam edəcəklər. Mehriban Sultan Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk və digər görkəmli şairlərin 20 Yanvar mövzusunda yazdıqları əsərlərə xüsusi diqqət çəkib.
Elmi konfrans 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətinin, eləcə də onun milli yaddaşımızdakı yerinin bir daha elmi müstəvidə təhlil olunması baxımından əhəmiyyətli olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.