Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının qərarına əsasən iki dildə “Art in the Polymers World” (ingilis dilində) və “Искусство в Мире Полимеров” (rus dilində) adlı kitablar çap edilib.
Kitabın müəllifləri institutun dissertantı və “Nanostrukturlaşdırılmış Metal-polimer Katalizatorlar” laboratoriyasının elmi işçisi Nigar Şıxverdiyeva, akademik Dilqəm Tağıyev, kimya elmləri doktoru Nizami Zeynalov, elmi redaktoru AMEA-nın müxbir üzvü t.e.d., professor Q.İ. Kəlbəliyev, rəyçiləri isə k.e.d., professor V.M.Əhmədov və k.e.d., R.H. İsmayılovdur.
Kitabda polimer kimyası və incəsənətin kəsişməsi araşdırılır, həm sintetik, həm də təbii polimerlərin yaradıcılıq prosesində və mədəni irsin qorunmasındakı rolu açıq şəkildə təqdim edilir. Burada polimer materiallardan istifadə edilərək yaradılmış sənət əsərləri, onların bərpa və mühafizə prosesindəki əhəmiyyəti, eləcə də multidissiplinar sahənin gələcək inkişaf perspektivləri müzakirə olunur.
Kitab alimlər, rəssamlar, bərpaçılar, eləcə də müasir materialların incəsənətdə tətbiqi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.