Budapeştdə Macarıstan Milli Muzeyində “Atilla” adlı beynəlxalq sərgi öz qapılarını ziyarətçilərin üzünə açıb.
Altı ay davam edəcək sərgidə 13 ölkənin 64 muzeyindən gətirilən hun arxeologiyasına aid 400-dən çox eksponat (zərgərlik məmulatları, nəfis bədii yaradıcılıq nümunələri və d.) nümayiş olunacaqdır. Sərgi ilə yanaşı 23 yanvar tarixində Macarıstan Milli Muzeyinin konfrans zalında “Avropa hunları və çöl mədəniyyətləri arxeologiyasının son nəticələri” (The European Huns and the latest results of steppe archaeology) mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Konfransın açılış mərasimində Macar Milli Muzeyinin İctimai Kolleksiya Mərkəzinin prezidenti doktor Gábor Zsigmond (Qabor Jiqmond) və Macar - Turan Fondunun prezidenti Andráş Zsolt Bíró çıxış edərək beynəlxalq elmi tədbir iştirakçılarını salamlayıblar.
Konfrans iştirakçıları həm də muzeydə fəaliyyətə başlamış sərgini ziyarət ediblər. Beynəlxalq tədbirə ev sahibliyi edən macar arxeoloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Monqolustan və Rumıniyadan olan arxeoloqar da elmi konfransda məruzələrlə çıxış etmişlər.
Beynəlxalq elmi konfrasda Azərbaycanı təmsil edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanın arxeoloji irsində hun tapıntıları” mövzusunda çıxış etmişdir. Öz çıxışında Fərhad Quliyev qeyd etmişdir ki, hunlar bir çox xalqların, xüsusən də macarların və türk xalqlarının etnogenezində həlledici rol oynayıb. Azərbaycanda Mingəçevir, Qusar (Quxuroba), Qubada (Xucbala), o cümlədən, Şamaxıda (Sandıqtəpə) aşkar edilən IV-VII əsrlərə aid katakombalar, daş qutu və torpaq qəbirlərində aşkar olunan artefaktlar daha çox hunlara, hun ittifaqına daxil olan masqutlar, sabir/savir/suvarlara və bu qəbildən olan digər xalqlara aid olmuşdur “Bu kontekstdə hunların (eramızın IV-V əsrləri) zərgərlik sənətinin bədii xarakterik üslubunda qızıl və tuncdan hazırlanmış və üzəri Süleyman daşları, zümrüdlərlə bəzədilmiş baş bəzəyini (diadem) göstərmək olar. Diadem 1967-ci ildə mərhum arxeoloq Cabbar Xəlilov tərəfindən Şamaxı rayonunun Xınıslı kəndində tədqiq edilmiş daş qutu qəbirdə aşkar olunub. Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə bağlanılmış müqaviləyə əsasən Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən bu eksponat altı ay Macarıstan Milli muzeyinə müvəqqəti sərgilənməsi üçün təqdim edilmişdir”.
Fərhad Quliyev macar antropoloqlarının hunlara aid paleoantropoloji qalıqları üzrə apardıqları tədqiqatları qeyd etməklə yanaşı, Azərbaycan antropoloqlarının da bu sahədə aparıdığı son illərin nəticələrindən danışıb.
Azərbaycanda hun arxeoloji irsi istiqamətində yeni müstəvidə tədqiqatların aparılması məqsədilə, Macarıstan, Türkiyə, Qazaxıstan və Özbəkistan arxeologiya institutlarının birgə layihə çərçivəsində əməkdaşlığı konfransın əsas nəticələrindən biri olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.