Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi-Texniki Şuranın iclası keçirilib. İclasda RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, mərkəz rəhbərliyi, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəliyi elan edərək bildirib ki, iclasda Mərkəzdə 2025-ci ildə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə dair məruzələr təqdim ediləcək. Eləcə də 2026-2030-cu illərdə RSXM-də aparılacaq elmi tədqiqatların mövzularının və 2026-cı ildə keçiriləcək ixtisas və xarici dil kursları üzrə tərtib edilmiş tədris proqramı təsdiqi və digər məsələlərə baxılacaq.
Gündəliyin elan edilməsindən sonra RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Azərbaycan ərazisinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin seysmikliyinin və seysmotektonikasının tədqiqi (2021-2025)” (elmi rəhbər: AMEA-nın müxbir üzvü Q.C.Yetirmişli, icraçılar: t.ü.f.d., dos. R.B.Muradov; g-m.e.d. T.Y.Məmmədli; y.e.ü.f.d. S.S.İsmayılova; g-m.ü.f.d., dos.S.E.Kazımova; g-m.ü.f.d., dos.İ.E.Kazımov) mövzusunda məruzəni təqdim edib. Məruzəçi öz çıxışında bildirib ki, tədqiqat dövrünü əhatə edən beş ildə Azərbaycan ərazisində seysmiklik orta səviyyədə olub və respublika ərazisində güclü zəlzələlər qeydə alınmayıb. Tədqiqat dövründə ən aktiv bölgə isə Xəzər dənizi olub. Məruzəçi həmçinin digər bölgələrdə son beş il ərzində müşahidə olunan seysimikliklə bağlı da alınmış nəticələri açıqlayıb.
Daha sonra RSXM-nin Maqnitometriya şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev “Azərbaycan ərazisinin kompleks geofiziki tədqiqatları (2021-2025)” (elmi rəhbər: AMEA-nın müxbir üzvü Q.C.Yetirmişli, icraçılar: f-r.ü.f.d., dos. A.Q.Rzayev; N.B.Xanbabayev; E.M.Bağırov) mövzusunda məruzəni təqdim edib. Məruzəçi tədqiqat dövrü ərzində Azərbaycan ərazində aparılan kompleks geofiziki tədqiqatların nəticələri, aktiv bölgələrdə ayrı-ayrı vaxtlarda maqnit anomaliyalarının dəyişməsi, qravimetrik tədqiqatların nəticələri haqqında danışıb. Hər iki məruzə müzakirələrdən sonra Elmi-Texniki Şura tərəfindən qəbul edilib. İclasda 2026-2030-cu illər ərzində RSXM-də aparılacaq elmi-tədqiqat işlərinin istiqamətləri və mövzuları, eləcə də 2026-cı ildə keçiriləcək ixtisas və xarici dil kursları üzrə tərtib edilmiş tədris proqramı təsdiq edilib.
Bundan başqa iclasda AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən AMEA nəzdində RSXM-də Kompleks geofiziki tədqiqatlarda süni intellektin tətbiqi şöbəsinin yaradılması və Elektron xidmətlər şöbəsinin adının (İnformasiya və ictimaiyyətlə əlaqələr) dəyişdirilməsi haqqında qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.