Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2026 11:15
  • A-
  • A
  • A+

Beşbarmaq arxeoloji ekspedisiyasının 2025-ci il tədqiqatlarının yekunu təqdim olunub

Beşbarmaq arxeoloji ekspedisiyasının 2025-ci il tədqiqatlarının yekunu təqdim olunub

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Beşbarmaq arxeoloji ekspedisiyası”nın 2025-ci il nəticələrinə dair təqdimat mərasimi keçirilib.

Tədbiri Dövlət Turizm Agentliyinin Mədəni irsin qorunması və inkişafı şöbəsinin müdiri Elşən Mustafayev açıb.

Çıxış zamanı Elşən Mustafayev bildirib ki, ekspedisiyanın ən mühüm nailiyyətlərindən biri karvansarayın aşkar olunmasıdır. O, bu kəşfin elmi baxımdan əhəmiyyətini vurğulayıb və gələcək tədqiqatlar üçün perspektivlərini qeyd edib. Həmçinin, 2026-cı ildə qazıntıların davam edəcəyi və karvansarayın konservasiyasına xüsusi diqqət yetiriləcəyi qeyd olunub.

Daha sonra söz “Beşbarmaq arxeoloji ekspedisiyası”nın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun "İlk Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurova verilib. O, çıxışında  2025-ci ildə aparılan qazıntıların nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü – Kür Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq etmişdir. Digər tərəfdən tədqiqatlar təsdiq edir ki, orta əsrlərdə də ilk olaraq məhz bu sahə məskunlaşmışdır.

S.Aşurov uzun axtarışlardan sonra nəhayət orta əsr səyyahlarının haqqında məlumat verdikləri karvansarayın yerinin müəyyən edilməsini böyük uğur adlandırmışdır. İlkin qazıntılarla karvansarayın strukturu müəyyən edilmiş, çoxsaylı maddi mədəniyyət qalıqları əldə edilmişdir. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansaray olduğunu bir daha təsdiq edir.

Daha sonra 2025-ci il qazıntılarını əks etdirən videoçarx və əldə edilmiş maddi mədəniyyət qalıqlarından ibarət sərgi nümayiş etdirilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Tədbirin sonunda Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi İdarə Heyətinin sədri Murad Ağabəyli AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlığın faydalarından, gələcək planlardan və xüsusən tarixi turizm istiqamətində atılacaq addımlardan bəhs etmişdir. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Prezident İlham Əliyevin 2020-ci il 8 iyun tarixli Sərəncamı ilə yaradılıb və Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: