Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2026 21:10
  • A-
  • A
  • A+

Molekulyar Biologiya İnstitutunda akademik Cəlal Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Molekulyar Biologiya İnstitutunda akademik Cəlal Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Molekulyar Biologiya İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Ömrünü Azərbaycan elminin inkişafına, milli kadrların hazırlanmasına və biologiya elminin müasir istiqamətlərinin formalaşmasına həsr etmiş alimin xatirəsi institut əməkdaşları tərəfindən dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunub. Tədbir iştirakçıları əvvəlcə akademikin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Anım mərasimini giriş sözü ilə açan akademik İradə Hüseynova Cəlal Əliyevin həyat yolu, çoxillik elmi və təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. O, böyük alimin ölkədə biologiya elminin bir çox sahəsinin inkişafında müstəsna rolunu, yaratdığı güclü elmi məktəbi, yetişdirdiyi yüzlərlə gənc alim və mütəxəssisi və gələcək nəsillərə ötürdüyü zəngin elmi irsi xüsusi vurğulayıb. Bildirilib ki, Cəlal müəllimin adı Azərbaycan elminin tarixinə qızıl hərflərlə yazılıb və onun fəaliyyəti bu gün də alimlər və gənc tədqiqatçılar üçün örnəkdir.

Daha sonra akademik Cəlal Əliyevin tələbələri və həmkarları – AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktoru Atabəy Cahangirov və biologiya üzrə fəlsəfə doktoru Durna Əliyeva çıxış edərək müəllimləri ilə bağlı xatirələrini bölüşüblər. Onlar Cəlal müəllimin yalnız böyük alim deyil, eyni zamanda qayğıkeş müəllim, müdrik məsləhətçi və yüksək insani keyfiyyətlərə malik ziyalı olduğunu qeyd ediblər. Çıxışlarda böyük alimin tələbələrə, ardıcıllarına olan diqqəti, elmi prinsipiallığı, zəhmətkeşliyi və səmimiyyəti xüsusi minnətdarlıqla xatırlanıb.

Tədbirin sonunda akademik Cəlal Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: