AR ETN Molekulyar Biologiya İnstitutunda Gənclər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan institutun direktoru v.i.e., akademik İradə Hüseynova gəncləri bayram münasibətilə təbrik edərək bu günün ölkəmizin ictimai həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Gənclər Gününün yaranma tarixindən, Azərbaycan gəncliyinin cəmiyyətin müxtəlif sahələrində fəal rolundan, eləcə də dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Akademik qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bildirilib ki, gənclər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları uğurla icra olunur.
Akademik vurğulayıb ki, müasir dövrdə gənclər üçün daha geniş təhsil imkanları yaradılıb. İnstitutun bir sıra gənc mütəxəssisləri xarici ölkələrin nüfuzlu ali təhsil və elmi mərkəzlərində doktorantura təhsili alır və onların gələcəkdə yüksək ixtisaslı kadrlar kimi Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcəklərinə inam ifadə olunub.
Tədbirin sonunda institutun gənc alim və tədqiqatçıları arasında keçirilmiş müsabiqənin nəticələri elan edilib, Molekulyar Biologiya İnstitutunun elmi və ictimai həyatında fəallığı ilə seçilən gənclər mükafatlandırılıblar.
İlin Gənc Tədqiqatçısı nominasiyası üzrə Aqil Əhmədli 1-ci yerə, Fidan Qüdrətova və Aysel Əliyeva 2-ci yerə, Sevda Mahmudaova və Mehriban Şabanova 3-cü yerə, Nihal Mustafayeva isə həvəsləndirici mükafata layiq görülmüşlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.