AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) Elmi şuranın növbəti iclası keçirilib.
Tədbiri Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq iştirakçıları iclasın gündəliyi ilə tanış edib.
Gündəlik səsə qoyularaq qəbul edilib.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov gündəlikdəki ilk məsələ ilə bağlı çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında" Sərəncamının icrası məqsədilə AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərar və təsdiqlənmiş Tədbirlər Planı barədə ətraflı məlumat verib. Bildirib ki, qərarın icrası çərçivəsində Şəki Regional Elmi Mərkəzdə şimal-qərb bölgəsinin tarixi və memarlıq abidələrinin araşdırılması, qorunması və tanıdılması istiqamətində işlər mütəmadi olaraq aparılır və gələcəkdə də davam etdiriləcəkdir. Qeyd edib ki, Tədbirlər Planına əsasən 2026-cı ilin oktyabr ayında Şəki REM-də “Şimal-Qərbi Azərbaycanda tarixi-memarlıq abidələri və şəhərsalmanın təbii-coğrafi və ekoloji aspektləri” mövzusunda respublika elmi konfransının keçirilməsi nəzərdə tutulur.
Gündəlikdəki ikinci məsələ AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında olub. 16 yanvar 2026-cı il tarixli AMEA prezidentinin sərəncamına uyğun olaraq Şəki Regional Elmi Mərkəzinin 2026–2030-cu illəri əhatə edən elmi-tədqiqat planının təsdiqlənməsi barədə elmi katib Vəfa Atayeva məlumat verib. Müzakirələrdən sonra elmi-tədqiqat planının təsdiqlənməsi üçün AMEA Rəyasət Heyətinə göndərilməsi qərara alınıb.
Daha sonra Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələri" mövzulu məruzəsi haqqında AMEA Rəyasət Heyətinin qərarı ilə bağlı məlumat verib. O, qərarın icrası ilə bağlı Şəki REM-də elmi müzakirələrin təşkil edildiyini, məruzənin əsas müddəalarının əməkdaşlara təqdim olunduğunu və qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyət planının müəyyənləşdirildiyini vurğulayıb.
Elmi şura fəaliyyət planının təsdiq edilməsi haqqında qərar qəbul edib.
AMEA-nın Şəki REM-nin Elektron xidmətlər şöbəsinin bazasında, daxili imkanlar və mövcud ştat vahidləri hesabına Rəqəmsallaşma və Süni İntellekt şöbəsinin yaradılması barədə qərarını İnsan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi Türalə Ağabalayeva diqqətə çatdırıb.
Elmi şuranın qərarına əsasən, müvəqqəti müsabiqə keçirilənədək şöbə rəhbəri vəzifəsinin icrası Namiq Abdurahmanova həvalə edilib.
Cari məsələlər üzrə 2026-cı il üçün Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının tərkibi yeni üzvlər seçilməklə təsdiq edilib. Qərara əsasən Ekoloji biofizika şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru İlqar İsmayılov, Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova və Arxeologiya və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov Şəki REM-in Elmi şurasının yeni tərkibinə üzv seçiliblər.
Daha sonra Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəylinin “Biogeokimyanın nəzəri və tətbiqi əsasları” adlı kitabı müzakirə olunub və nəşrə tövsiyə edilməsi barədə qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.