AMEA-nın Gəncə Bölməsində ötən il ərzindəki fəaliyyət təşkilatın iclasında müzakirə edilib.
Toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova və beynəlxalq məsələlər üzrə mütəxəssisi Aygün Cabbarova da iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədrinin ümumi məsələlər üzrə müavini Rasim Tağıyev açıb. O, qonaqlara və iştirakçılara Bölmənin sədri, akademik Fuad Əliyevin salamlarını çatdırıb, toplantının işinə uğurlar arzulayıb.
R.Tağıyev Gəncənin bu elm ocağının yarandığı və inkişaf etdiyi bütün dönəmlərində onun həmkarlar təşkilatının daim fəallıq, bacarıq və təcrübə nümayiş etdirdiyini qeyd edib və bugünkü toplantıda müvafiq hesabatın dinlənilməsi ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən yeniliklər haqda da söhbət gedəcəyini bildirib.
2025-ci il ərzində görülən işlər haqqında AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva geniş məlumatla çıxış edib.
N.Hacıyeva hər il təşkilatda mütəmadi olaraq, ümumi iclaslarının keçirildiyini və müxtəlif məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildiyini bildirib.
O, həmçinin Bölmədə keçirilən tədbirlər haqda danışaraq, Həmkarlar Təşkilatı tərəfindən bayramlar və digər əlamətdar günlərlə bağlı bir sıra əməkdaşlara Fəxri fərmanlar, mükafatlar təqdim edildiyini, eləcə də kollektivin bütun üzvlərinə bayram sovqatları verildiyini qeyd edib.
Məruzədə həmçinin hesabat dövründə Həmkarlar Təşkilatı tərəfindən əməkdaşların rifahı, sağlamlığı, istirahəti, qayğıları, həyatda əlamətdar günləri və əmək prosesində həvəsləndirilməsi üçün bir sıra əməli tədbirlərin aparıldığı qeyd edilib.
N.Hacıyeva o cümlədən, keçirilən tədbirləri xronoloji olaraq sadalayaraq, bildirib ki, 2025-ci ilin yanvarın 16-da Gəncə Bölməsində 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr edilmiş dəyirmi masa kecirilib; AMEA-nın Gəncə Bölməsinin Ümumi işlər üzrə sədr müavini Rasim Tağıyevin 75 illik yubileyi ilə əlaqədər yanvar ayının 22-də Bölmədə tədbir kecirilib, yubilyara xoş sözlər deyilib, o, Bölmənin Həmkarlar Təşkilatı tərəfindən Fəxri fərmanla təltif olunub; fevral ayının 4-də AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin 75 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Bu tədbirdə həmçinin Bölmənin əməkdaşı Mehriban Səmədovanın da 50 illik yubileyi də qeyd edilib; fevralın 13-də AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri Bakı şəhərinə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqına ezam olunub, ezamiyyətin məqsədi Təşkilatının illik smetasəının təsdiqi olub; 26 Fevral - Xocalı Soyqırımı günü AMEA Gəncə Bölməsində dəyirmi masa keçirilib; 1 Mart Beynəlxalq Mülkü Müdafiə günü münasibəti ilə Mükli Müdafiə Qərargahının rəisi Vüsal Eminbəyli Həmkarlar Təşkilatı tərəfindən mükafatlandırılıb və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin imzası ilə Təşəkkürnamə ilə təltif olununub; Aprelin 12-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilmiş böyük ziyafət keçirilib, orada AMEA-nın Gəncə Bölməsinin bütün əməkdaşları iştrak edib; 28 May - Müstəqillik gününə həsr edilmiş “Konstitusiya və Suverenlik ili” mövzusunda dəyirmi masa keçirilib; 3 iyunda Qurban bayramı münasibəti ilə AMEA-nın Gəncə Bölməsinin 90 nəfər əməkdaşına bayram sovqatı paylanılıb; iyun ayının 24-də AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinə yarımillik hesabat təqdim olunub; 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə üç nəfər Qarabağ müharibəsi iştirakçılarına mükafat verilib; yay mövsümünün gəlişi ilə 2 nəfər əməkdaşımıza Mərdəkanda “Karvan” istirahət mərkəzinə yol vərəqəsi verilib; 22 iyul Mətbuat günü – Milli Mətbuatımızın 150 illik yubileyi ilə əlaqədar 2 nəfər əməkdaşımıza mükafat verilib və onlar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Təşəkkürnamələrlə təltif olunublar; Sentyabrın 2-də qarşıdakı Bilik gününə həsr edilmiş tədbir keçirilib, bakalavr və magistr pilləsinə qəbul olunan əməkdaşlar və ya onların övladlarına, ümumən 17 nəfərə mükafat verilib; 8 Oktyabrda Həmkarlar Təşkilatının iclasında 26 nəfər aztəminatlı əməkdaşların ərizələrinə baxılıb və onlara maddi yardım göstərilib; 7 Noyabr Zəfər Gününün 5-ci ildönümü münasibətilə Memorial park ziyarət edilib və AMEA-nın Gəncə Bölməsində “Zəfər günü”nə həsr edilmiş dəyirmi masa keçirilib, Bölmənin əməkdaşı olan I-ci Qarabağ müharibəsinin iştirakşısına maddi yardım edilib; Gəncə Bölməsinin sədri, akademik F.Əliyevin 27 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Bölmədə elan edilən “Ən fəal elmi işçi” müsabiqəsi həyata keçirilib, yaradılan komissiya qaliblər müəyyəni edib və komissiyanın protokolu Həmkarlar Təşkilatına təqdim edilib, qaliblər mükafatlandırılıb; AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri 2025-ci ilin dekabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Bakı şəhərində keçirilən VII Qurultayında iştirak edib.
Hesabat barədə yerli həmkarlar təşkilatının üzlərindən Rasim Tağıyev, Əlimuxtar Muxtarov, Sədaqət Adıgözəlova, Nərgiz Rəsulova və digərləri öz rəylərini bildirib və görülən işləri yüksək qiymətləndiriblər.
Sonra iclasda AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova çıxış edib. O, Gəncə Bölməsinin Həmkarlar Təşkilatının daim öz fəallığı və işgüzar mövqeyi ilə seçildiyini qeyd edib, hesabatın da bu ruhda təqdim edildiyini bildirib.
Ş. Əmirova həmçinin həmkarlar təşkilatlarının insanların iş və həyati məsələlərinin həllindəki rolundan danışıb. O, bu xüsusda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə həsr olunmuş videoçarxı da iştirakçıların diqqətinə təqdim edib. Videoçarxda digər məsələlərlə yanaşı insanların rifahına xidmət edən müasir layihələr, o cümlədən “AHİK Plyus” Platforması haqda da məlumat verilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həyata keçirdiyi “AHİK Plus” layihəsinin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsi, onların gündəlik həyatında əlavə üstünlüklər əldə etməsinə şərait yaratmaqdır və layihə çərçivəsində üzvlər sosial tərəfdaş müəssisələrin təqdim etdiyi endirimlərdən, bonuslardan, xüsusi güzəştlərdən yararlanmaq imkanı qazanırlar.
Ş.Əmirova bu kimi məsələlərlə ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda R.Tağıyev tədbirə qatıldıqlarına görə bir daha qonaqlara təşəkkür edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.