Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2026 10:42
  • A-
  • A
  • A+

“Böyük Zəfərin qəhrəmanları” kataloqu təqdim olunub

“Böyük Zəfərin qəhrəmanları” kataloqu təqdim olunub

44 günlük Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinə ən parlaq səhifələrdən biri kimi daxil oldu. Azərbaycan Silahlı Qüvvələrinin misilsiz rəşadəti və qəhrəmanlığı sayəsində Ermənistan ordusunun məğlubiyyəti və kapitulyasiyası ilə nəticələndi, Qarabağın böyük hissəsi və Şərqi Zəngəzur işğaldan azad edildi. Qazanılmış Böyük Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də baş verən lokal antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı, dövlət suverenliyi tam bərpa edildi.

Vətən müharibəsində əldə edilən bu tarixi qələbənin öyrənilməsi, şəhid və qazilərimizin döyüş yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması məqsədilə ölkəmizdə bir sıra layihələr və tədbirlər həyata keçirilib. Milli Azərbaycan Tarixi Muzeyi də bu işlərin önündə gedən və ilklərə imza atan elmi-mədəni müəssisələrdən biridir. Hələ müharibənin getdiyi ağır günlərdə muzey əməkdaşlarının ordumuza dəstək məqsədilə keçirdiyi toplantıda şəhid ailələri ilə görüşüb qəhrəman döyüşçülərə məxsus əşyaların, müharibənin tarixini əks etdirən materialların toplanılması işinə başlanılıb və həmin vaxtdan etibarən muzey əməkdaşları böyük fəallıqla, həvəslə bu işin icrasını təmin ediblər. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları onlara məxsus şəxsi əşyaları, fotoşəkilləri, sənədləri Milli Azərbaycan Tarixi Muzeyində qorunmaq üçün təqdim ediblər. Kürdəmir rayonundan olan şəhid ailələrindən bir neçəsi də bu təşəbbüsə qoşulub, öz şəhid övladlarının  üzərində müharibənin izi olan əşyalarını muzeyə təqdim ediblər.

Milli Azərbaycan Tarixi Muzeyi Elmi şurasının qərarı ilə muzeydə yeni fond – Vətən Müharibəsi Fondu (VMF) təşkil olunub. Vətən Müharibəsi Fondu yaradılarkən onun əsas vəzifələrindən biri kimi fond materiallarının kataloqlaşdırıması müəyyən edilib. Bu məqsədlə fondun əməkdaşları 4 il ərzində hər bir şəhidin, müharibə iştirakçısının materiallarını sistemləşdirib, pasportlaşdırıb və nəhayət, oxucuların ixtiyarına verilən nəfis tərtibatlı kataloq ərsəyə gətiriblər. Vətən müharibəsinin tarixinin, qəhrəman hərbçilərin həyat və döyüş yollarının öyrənilməsi üçün əvəzsiz mənbə rolunu oynayan kataloqda 269 zabit və əsgərin, tibb işçisinin 2783 materialı təqdim olunur.

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional Filialında “Böyük Zəfərin qəhrəmanları” adlı kataloqun təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Vətən müharibəsinin kürdəmirli şəhidlərinin ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin təşkilatçısı muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Milli Azərbaycan Tarixi Muzeyində yaradılan Vətən Müharibəsi Fondu və fondun əsasında  hazırlanan kataloq  haqqında tədbir iştirakçılarına məlumat verib.

Şəhid ailələrindən Səhər Hüseynova, Jalə Mikayılova, Roza Qəribova, Müşginaz Əliyeva, Esmira Məmmədova çıxış edərək Azərbaycanın qəhrəmanlıq tarixinə öz ismini yazan övladları ilə qürur duyduqlarını, şəhid doğmaları haqqında kataloqda dərc olunan məlumatı sevinc hissi ilə qarşıladıqlarını, əzizlərindən nişanə qalmış əşyaları tarix muzeyinə təqdim etməkdə haqlı olduqlarını söyləyiblər. Çıxış edənlər muzeyin əməkdaşlarına, kataloqu tərtib edənlərə və bu işdə onlara yardım edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri Yaqut Bahadurqızına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Yaqut Bahadurqızı bu nəşrin Milli Azərbaycan Tarixi Muzeyinin öz materiallarını muzeyə etibar edən ailələrə, şəhidlərə, qazilərə, müharibə iştirakçılarına bir vəfa və ehtiram borcu olduğunu söyləyib. O, materialların nəşr olunaraq geniş oxucu auditoriyasına çatdırmasını əhəmiyyətli hadisə kimi dəyərləndirib, “Böyük Zəfərin qəhrəmanları” kataloqunu şəhid ailələrinə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: