Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.02.2026 11:22
  • A-
  • A
  • A+

“Antinomiya” adlı konseptual sərgi keçirilib

“Antinomiya” adlı konseptual sərgi keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyevin-Şamillinin “Antinomiya” adlı konseptual sərgi, yubiley sərgisi nümayiş olunub.

Sərgidə AMEA Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi və bir qrup əməkdaşı, yaradıcı ziyalılar media nümayəndələri iştirak edib.

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova sərginin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, sərgi nəzəriyyəçi, tədqiqatçı, memar, rəssam Elçin Şamillinin 65 illik yubileyi çərçivəsində keçirilir. Rəssamın sərgilənən əsərləri Azərbaycan incəsənətində müasir baxış və düşüncə tərzi ilə yeni yol açır.

Sərginin açılış mərasimində AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Ərtegin Salamzadə elmi tədqiqatçı, sənətşünas alim, rəssam Elçin Əliyevin elmi fəaliyyəti və yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. İnstitutun direktoru Elçin Əliyevin həm elmi tədqiqatçı, eyni zamanda rəssam kimi yaradıcılıq fəaliyyətindən, müxtəlif səpkili rəssamlıq sərgilərindən danışıb. Tədqiqatçı-alimin ötən ilin sonlarında nəşr olunan “İncəsənətdə abstrakt vektor” adlı kitabının müasir sənətşünaslıqda və təsviri sənətdə nəzəri-elmi əhəmiyyətindən bəhs edib. Müəllifin dünyaya, eləcə də sənətə fərqli baxışı olduğunu vurğulayaraq onun mürəkkəb çoxmərhələli insan varlığını simvollar və metaforalarla ifadə etdiyini söyləyib.  

Tədbirdə, həmçinin Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və filosof alim Teymur Daimi çıxış edərək rəssama ürək sözlərini söyləyiblər. Qeyd olunub ki, Elçin Əliyev-Şamilli qloballaşma dövründə dünyaya baxışı və maraq dairəsi zəngin olan, öz daxili aləmini üzə çıxaran fərqli bir cərəyan axınında öz istiqamətini təyin edən dərin fəlsəfi fikrə malik insandır. O, təbiətin fəlsəfəsini sənət fəlsəfəsi ilə sintez edərək məkan və zaman arasında fərqli vəziyyəti abstrakt təsvirlə simvollarla ifadə edir. 

Sərgidə müxtəlif səpkili əsərlərin nümayişi tamaşaçını ziqzaqvari düşüncələrdə məntiq axtarışına cəlb edir. Məntiqi yaranışla ziddiyyətin vəhdətini bir çərçivədə təqdim edən müəllif abstrakt sənətin vizual görünüşünü yaradır.

Təqdim olunan sərgi “antinomiya” anlayışını fəlsəfi, estetik və vizual diskursun kəsişməsində nümayiş etdirir. Fəlsəfədə “antinomiya” anlayışı iki bir-birinə zidd, lakin eyni dərəcədə əsaslandırılmış qaydalar və prinsiplər arasındakı ziddiyyəti ifadə edir.

Antinomiyalar yalnız ağıl və düşüncədə deyil, obyektiv gerçəklikdə də mövcuddur. Həyat özü antinomiyalardan ibarət olub, ziddiyyətlərdən təşkil olunmuşdur.

Sərgilənən əsərlərdə antinomiya məntiqi ziddiyyət deyil, varlığın çoxqatlı strukturunu vizuallaşdıran gerçəkliyin təməlinin tədqiqi kimi əks olunur. Eləcə də əsərlər tranzit zonaları, zamanın keçidlərini, yəni zamanın axınında yaranan fasilələr, itirilmiş anlar, keçmişlə gələcək arasında olan qırılma nöqtələri və transformasiya məkanları vasitəsilə antinomiyanı vizuallaşdırır.

Sərginin əsas ideyalarından biri nəzəri zəkanın məhdudluğu və onun əhatəsində mövcud olan estetik təcrübədir. Burada sənət, təbii yaranışla idrak və təfəkkürün yaratdığı arasındakı fərqi göstərən vasitə kimi çıxış edir. Antinomiya məntiqli olan ilə mistik olanı birləşdirir; onların qarşıdurması və qarşılıqlı əlaqəsi isə incəsənətin mahiyyətini ifadə edir.

Düşündürücü əsərləri seyr edən tamaşaçı sərgi məkanında sabit müşahidəçi mövqeyindən çıxarılaraq keçid vəziyyətində olan subyektə çevrilir, yəni cizgilərin sözlə ifadəsini düşünür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: