Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.02.2026 14:42
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə elmi sessiya keçirilib

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə elmi sessiya keçirilib

UNESCO tərəfindən təsis edilən Beynəlxalq Ana Dili Günü münasibətilə AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi sessiya keçirilib.

Tədbir ana dilimizin qorunmasına, zənginləşdirilməsinə və müasir çağırışlar fonunda inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Elmi sessiyanı giriş sözü ilə açan institutun direktoru, professor Nadir Məmmədli ana dilinin milli kimliyin əsas dayaqlarından biri olduğunu vurğulayaraq Azərbaycan dilinin tarixi inkişaf yolundan, dövlət dili statusunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətdən və qloballaşma şəraitində dilimizin qorunması ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edib. Professor Nadir Məmmədli çıxışında qeyd edib ki, ana dilinin saflığının qorunması, elmi əsaslarla tədqiqi və gələcək nəsillərə ötürülməsi hər bir ziyalının vətəndaşlıq borcudur.

Sessiyada çıxış edən alimlər mövzunu müxtəlif aspektlərdən işıqlandırıblar. Professor Sayalı Sadıqova “İlham Əliyev və dövlət dilinin inkişaf strategiyası” mövzusunda məruzə ilə çıxış edərək Prezident İlham Əliyev tərəfindən ana dilimizin qorunması və inkişafı istiqamətində imzalanmış sərəncam və fərmanların əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü dil siyasəti Azərbaycan dilinin beynəlxalq nüfuzunun artmasına, terminoloji bazanın zənginləşməsinə və normativ bazanın təkmilləşməsinə mühüm töhfələr vermişdir.

Dosent Xədicə Heydərova “Ana dilimizin saflığı; tarixi köklər və müasir çağırışlar” mövzusunda çıxış edərək Azərbaycan dilinin qədim tarixi köklərindən, ədəbi dil normalarının formalaşma mərhələlərindən və müasir dövrdə dilə təsir edən amillərdən danışıb. O, xüsusilə informasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması fonunda ədəbi dil normalarının qorunmasının aktuallığını vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü isə “Mediada Azərbaycan dili” mövzusunda çıxış edərək kütləvi informasiya vasitələrində dil mədəniyyətinin vəziyyəti, leksik norma və üslub məsələləri barədə fikirlərini bölüşüb. O, çıxışında qeyd edib ki, media dili cəmiyyət üçün nümunəvi olmalı, KİV-də ədəbi dil normalarına ciddi əməl edilməlidir.

Sessiyada dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən səsləndirilən fikir və təkliflər ana dilimizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab edilib. Çıxışlarda Azərbaycan dilinin elmi istiqamətdə tədqiqinin genişləndirilməsi, terminologiya sahəsində vahid yanaşmanın formalaşdırılması və gənc nəslin dil mədəniyyətinin yüksəldilməsi kimi məsələlər xüsusi vurğulanıb.

Tədbirin sonunda professorlar Mayıl Əsgərov və İlhami Cəfərsoy çıxış edərək sessiyanın mövzusuna öz münasibətlərini bildiriblər. Beynəlxalq Ana Dili Gününün əhəmiyyətini qeyd edərək ana dilimizin qorunması və inkişafı istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Elmi sessiya iştirakçıların maraqlı fikir mübadiləsi və qarşılıqlı elmi müzakirələri ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: