AMEA Azad Həmkarlar İttifaqının növbəti məclisi keçirilib.
İclasda AMEA Azad Həmkarlar İttifaqının aparat işçiləri, Rəyasət Heyətinin üzvləri, İlk Həmkarlar Təşkilatlarının sədrləri iştirak ediblər.
AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov giriş nitqi ilə iclası açaraq bildirib ki, 2025-ci il AMEA Azad Həmkarlar İttifaqı üçün islahatlar, yeniliklər ili kimi uğurlu olmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni iş prinsiplərinə əsaslanan tələb və çağırışları AMEA AHİ tərəfindən uğurla icra edilmiş elektron sənəd dövriyyəsinin tətbiqi, maliyyə intizamının qorunması, şəhid ailələri və qazilərə qayğı, aztəminatlı əməkdaşlara dəstək, əmək hüquqlarının qorunması sahəsindəki vəzifələri məqsədyönlü, səmərəli şəkildə davamlı olaraq təmin etmək istiqamətlərdəki fəaliyyət xüsusi qeyd edilməlidir. O da vurğulanmalıdır ki, AMEA AHİ öz fəaliyyətini əlaqədar təşkilatlarla qarşılıqlı şəkildə həyata keçirir. Fəaliyyətimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən də yüksək qiymətləndirilir. Bu işdə əməyi keçən kollektivimizin bütün üzvlərinə, xüsusən də AMEA AHİ-nin sədr müavini, Rəyasət Heyətinin üzvü Şəhla Əmirovaya təşəkkürümü bildirirəm.
2026-cı il üçün iş planının ilkin varianti hazırlanaraq ilk təşkilatların sədrlərinə təqdim edilib. əsas prioritetlərimiz burada əks olunub. Bu ildə də əsas məqsədimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tələb və çağırışlarına, Akademiya rəhbərliyinin gözləntilərinə və üzvlərimizin etimadına uyğun olaraq fəaliyyətimizi davam etdirməkdir. Maliyyə imkanlarımızla icra edəcəyimiz işlər mütənasiblik təşkil etməlidir. Həmkarlar Təşkilatlarının üzvləri ilə maarifləndirici işlərin aparılmasına da ehtiyac var. Hər bir üzv bilir ki, Həmkarlar Təşkilatları əməkdaşlarının əmək hüquqlarını, təhlükəsiz əmək şəraitini o cümlədən həmrəyliyi və üzvlərinə yardım etməyi öz üzərinə götürmək kimi məsul vəzifəni yerinə yetirir. Bu baxımdan Həmkarlar Təşkilatına yalnız donor təşkilat kimi baxmaq düzgün yanaşma deyil. Hər bir üzvün bu qurumdan gözləntisi olduğu kimi məsuliyyəti və vəzifəsi də var. İclas iştirakçılarına təqdim edilən AMEA AHİ-nin 2026-cı il üçün hazırlanmış iş planına edəcəyiniz təkliflər ümumi işimizin daha effektivliyi baxımından çox faydalı olar.
Daha sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü Nizami Vəliyev, AMEA Rəyasət Heyəti Aparatının Həmkarlar Təşkilatının sədri Aynur Mahmud, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, AMEA AHİ RH üzvü Asya Əhmədova, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin HT sədri, AMEA AHİ RH üzvü Etibar Qaravəliyev və digər iclas iştirakçıları AMEA AHİ-nın fəaliyyəti, 2026-cı il üçün qarşıda duran vəzifələr barədə öz fikir və təkliflərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.