AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şura iclası keçirilib.
İclasda şuranın üzvləri, şöbə rəhbərləri, elmi işçilər iştirak ediblər.
Tədbiri Lənkəran REM-in direktoru vəzifəsini müvəqqəti icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev açaraq iştirakçıları salamlayıb, onları iclasın gündəliyi ilə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib. Sonra məsələlərin müzakirəsinə başlanılıb.
Elmi şura iclasında aşağıdakı məsələlər müzakirə olunub:
“AMEA RH-nin 21 yanvar 2026-cı il tarixli qərarının müzakirəsi” (tar.ü.f.d. C.Quliyev); AMEA RH-nin 28 yanvar 2026-cı il tarixli Sərəncamının müzakirəsi (tar.ü.f.d. C.Quliyev); Lənkəran Regional Elmi Mərkəzinin 2026-2030-cu illəri əhatə edən elmi-tədqiqat planının təsdiqlənməsi (b.ü.f.d. dos. S.Hüseynova); Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının icrası məqsədilə AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərarın müzakirəsi (şöbə müdiri S.Talıbov) və cari məsələlər.
Cəmil Quliyev gündəlikdə duran birinci məsələ haqqında çıxış edərək bildirib ki, AMEA Rəyasət Heyətinin 21 yanvar 2026-cı il tarixli qərarı ilə Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında qərar qəbul olunub. Qərarda qeyd edilir ki, Lənkəran Regional Elmi Mərkəzinin elmi-tədqiqat planlarının hazırlanması zamanı AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Strategiyasının müddəaları nəzərə alınsın. Mərkəzin “Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) jurnalı ildə bir dəfə nəşr olunsun.
Cənub bölgəsi folklorunda şamanizm elementlərinin faktiki materiallar əsasında araşdırılması davam etdirilsin. Çay və subtropik bitkilər şöbəsinin təcrübə bazasında çay sort və formalarında müxtəlif makrogübrələr fonunda üzvi maye gübrəsinin (aminosol) çay yarpağının məhsuldarlığına və keyfiyyətinə təsirinin öyrənilməsi istiqamətində işlər davam etdirilsin. Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin milli ideologiya məsələləri Lənkəran-Astara bölgəsi üzrə faktiki materiallar əsasında tədqiq olunsun. Cənub bölgəsi uzunömürlülərinin Yaponiyanın İkiqay Ailə İnstitutu modeli ilə qarşılıqlı şəkildə öyrənilməsi işi davam etdirilsin. Mərkəzin “Ümummilli Liderin 100 illiyi” adına kitabxana yeni kitablar əsasında zənginləşdirilsin. Bölgənin zəngin folklor və etnoqrafik materiallarının toplanması və tədqiqi məqsədilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Tarix və Etnologiya İnstitutu və Mərkəzi Elmi Kitabxanası ilə birlikdə bağlanmış müqavilələrə əsasən elmi əlaqələr genişləndirilsin və birgə ekspedisiyalar təşkil olunsun. Elmin populyarlaşdırılması istiqamətində Lənkəran Dövlət Universiteti və regionun digər təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilsin. İnnovativ layihələrin həyata keçirilməsinə diqqət artırılsın. Bu qərarda, eyni zamanda, 2025-ci ilin 3 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışından irəli gələn vəzifələr Lənkəran Regional Elmi Mərkəzinin 2026 və sonrakı illər fəaliyyətində əsas istiqamət kimi müəyyənləşdirilsin, qarşıya qoyulan vəzifələrin icrası təmin edilsin, Azərbaycan dilinin saflığının qorunması əsas prioritet istiqamət kimi nəzərə alınsın.
Cəmil Quliyev gündəlikdəki ikinci məsələ ilə bağlı qeyd edib ki, AMEA Rəyasət Heyətinin 28 yanvar 2026-cı il tarixli Sərəncamının müzakirəsi ilə əlaqədar 2026-cı ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi və elmi təşkilati tədbirlərin planının hazırlanıb Rəyasət Heyətinə göndərilməsi təmin olunacaq.
Herontoloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova üçüncü məsələ barədə məlumat verərək 2026-2030-cu illərdə nəzərdə tutulan plan işlərinin vaxtında icra edilib yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. O, qərarın icrası ilə əlaqədar Lənkəran REM-də elmi müzakirələrin təşkil edildiyini, elmi-tədqiqat işlərinin əməkdaşlara təqdim olunduğunu və qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyət planının müəyyənləşdirildiyini vurğulayıb.
Gündəlikdə duran dördüncü məsələ ilə əlaqədar çıxış edən Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov deyib ki, 22 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və 30 dekabr 2025-ci il tarixdə Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncamlar imzalayıb. Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişinin olduğunu qeyd edən şöbə müdiri bildirib ki, İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.
Azərbaycanda şəhərsalma və memarlıq sənətinin bariz nümunələrinin olduğunu diqqətə çatdıran Sərraf Talıbov daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimizin ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxladığını vurğulayıb.
Şöbə müdiri sonda Mərkəzdə aprel ayı üçün “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Əcəmi Naxçıvani Naxçıvan memarlıq məktəbinin banisidir” adlı elmi seminarın keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Cari məsələlərlə bağlı çıxış edən direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Cəmil Quliyev deyib ki, mütəmadi monitorinqlər aparılır. Müəssisədə işçilərin vaxtında işə gəlib getmələri üçün məsul şəxslər təyin edilib və bununla əlaqədar müvafiq əmr verilib.
Elmi şuranın sədr əvəzi diqqətə çatdırıb ki, AMEA Lənkəran REM-in daxili imkanlar və mövcud ştat vahidləri hesabına müvafiq şöbələrin bazasında yeni “Rəqəmsallaşma və elektron xidmətlər” üzrə baş mütəxəssis, İnsan resursları üzrə aparıcı mütəxəssis ştatları yaradılıb. İclasda həmin struktur bölmələrə Elnur Həsənzadə və Aytac Baxşıyevanın təyin edilməsi səsə qoyulub. Səsvermədən sonra hər iki əməkdaş müvafiq bölmələrə rəhbər təyin ediliblər.
Sonra 2026-cı il üçün Lənkəran Regional Elmi Mərkəzi Elmi şurasının tərkibinə yeni üzvlərin seçilməsi səsə qoyulub. Mərkəzin elmi işlər üzrə direktor müavini Samir Kərimov, baş mühasib Jalə Şəfizadə və İnsan resursları üzrə aparıcı mütəxəssis Aytac Baxşıyeva Lənkəran REM-in Elmi şurasının tərkibinə yekdil səslə üzv seçiliblər.
Axırda Elmi şuranın sədr əvəzi Cəmil Quliyev qarşıya qoyulan vəzifələrin ilin sonunadək layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan daha səmərəli istifadə olunacağına, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının bundan sonra da yeni reallıqlar və çağırışlar kontekstində həyata keçiriləcəyinə əminlik ifadə edib, məsul şəxslərə tapşırıqlar verərək iclası yekunlaşdırıb.
Elmi şurada müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.