Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.02.2026 12:20
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində elmi seminar keçirilib

Naxçıvan Bölməsində elmi seminar keçirilib

AMEA Naxçıvan Bölməsində elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.  İsmayıl Hacıyev çıxışında müasir elmi mühitdə baş verən yeniliklərdən və qlobal elmi inteqrasiyanın tələblərindən ətraflı bəhs edib. O bildirib ki, bu gün elmi fəaliyyət yalnız tədqiqat aparmaqla məhdudlaşmır, eyni zamanda nəticələrin beynəlxalq elmi ictimaiyyətə düzgün və qəbul olunmuş standartlara uyğun şəkildə təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir.

Akademik vurğulayıb ki, elmi işlərin keyfiyyəti onların metodoloji əsaslandırılması ilə yanaşı, istinadların düzgün qurulmasından da asılıdır. Onun sözlərinə görə, istinad sistemi sadəcə texniki tələb deyil, həm də akademik etik davranışın əsas göstəricisidir.

İsmayıl Hacıyev qeyd edib ki, beynəlxalq elmi bazalarda indeksləşən nüfuzlu jurnallar və nəşriyyatlar məqalələrin hazırlanmasında vahid standartların tətbiqini tələb edir. Bu baxımdan  bölmə əməkdaşlarının və gənc tədqiqatçıların bu sistemin incəliklərinə dərindən yiyələnməsinin vacibliyini diqqətə çatdırıb.

Çıxışında rəqəmsallaşma proseslərinə də toxunan akademik bildirib ki, elmi fəaliyyətin elektron platformalara inteqrasiyası və beynəlxalq elmi bazaların imkanlarından istifadə edilməsi müasir tədqiqatçının əsas bacarıqlarından birinə çevrilib. O, elmi məqalələrin beynəlxalq dövriyyəyə daxil olması üçün texniki və metodiki tələblərə riayət edilməsinin vacibliyini vurğulayıb.

Sədr seminarlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, bu cür maarifləndirici tədbirlər elmi mühitdə vahid yanaşmanın formalaşmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Seminarda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev rəqəmsallaşma və müasir istinad standartları haqda məlumat verib. Alim, xüsusilə DOİ sisteminin elmi mənbələrin əlçatanlığının və sitat izlənməsinin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Vəli Baxşəliyev APA 7 sisteminin struktur xüsusiyyətlərini mərhələli şəkildə izah edərək, mətn daxilində istinadların verilməsi qaydaları, ədəbiyyat siyahısının tərtibi prinsipləri və müxtəlif mənbə növlərinə istinad formalarını iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, ikimüəllifli və çoxmüəllifli əsərlərə, müəllifsiz kitablara, eyni müəllifin eyni tarixdə çap olunmuş bir neçə əsərinə istinad zamanı xüsusi qaydalar tətbiq edilir.

Eyni zamanda dissertasiyalarda istinad tələbləri, redaktorlu toplularda dərc olunmuş məqalələrə istinad forması, konfrans materialları, qəzet məqalələri, dini əsərlər və arxiv sənədlərinin göstərilməsi qaydaları konkret nümunələr əsasında izah olunub.

Seminar interaktiv müzakirələr şəraitində davam edib. İştirakçılar tərəfindən ünvanlanan suallar ətraflı cavablandırılıb, praktik nümunələr üzərində fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: