Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.02.2026 14:05
  • A-
  • A
  • A+

Nizami Muzeyində görkəmli Azərbaycan şairəsi Mədinə Gülgünün yaradıcılığına həsr olunan tədbir keçirilib

Nizami Muzeyində görkəmli Azərbaycan şairəsi Mədinə Gülgünün yaradıcılığına həsr olunan tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində milli-demokratik poeziyanın görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün yüz illik yubileyinə həsr olunmuş elmi seminar məşğələsi keçirilib.

Tədbirdə şairin nəvəsi, muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmova məruzə ilə çıxış edərək Mədinə Gülgünün uşaqlıq, gənclik və ilhamlı yaradıcılıq illəri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Mədinə Gülgün hələ gənc yaşlarından ədəbiyyata vurğun olub. Aşıq Ələsgəri, Xurşidbanunu, Məhəmməd Füzulini sevə-sevə oxuyan şair ilk şeirlərini on beş, on altı yaşlarından yazmağa başlayıb.

Daha sonra məruzəçi Mədinə xanımın həyatında böyük bir çevrilişə səbəb olmuş 1937-ci il repressiyaları və şairin ailəsinin Bakıdan Təbrizə köçmək məcburiyyətindən bəhs edib.

Aysel Məhərrəmova Mədinə Gülgünün Güney Azərbaycanının 1940-cı illərdə məşrutə, azadlıq mübarizəsinin beşiyi olmuş Təbrizdəki “fədai” fəaliyyətindən, “Vətən yolu”, “Azərbaycan” qəzetlərində nəşr olunmuş şeirlərindən danışıb. Bildirib ki, 1945-ci ildə Təbrizdə Demokratik Milli Hökumət qurulduqdan sonra dövrünün bir çox “fədai” qələm sahibləri kimi Mədinənin də həyatında gələcəyə inam və yaratmaq eşqini artıran hadisələr baş verir. Bunlardan biri o olur ki, ilk dəfə gənc şairənin tərcümeyi-halı və “Sənə gülmək yaraşır”, “Açıldı səhər”, “Təbriz” kimi şeirləri məktəb dərsliklərində işıq üzü görür.

Tədqiqatçı Aysel Məhərrəmova Mədinə Gülgünün bütün yaradıcılıq dünyasını, bədii irsini təhlil edərək bu poeziyanın əsas mahiyyəti olan vətənpərvərlik, milli istiqlal və məhəbbət mövzularına toxunub. O, vaxtilə "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş Mədinə Gülgünün Bakıda, Təbrizdə, Moskvada, Kanada otuza yaxın kitabının işıq üzü gördüyünü vurğulayıb.

Daha sonra seminar məşğələsi muzeyin Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı, Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr filialının müdiri Natəvan Mustafayeva, Elmi fondlar şöbəsinin müdiri Nərmin Əliyeva, Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq, Doktorantura və elmi inkişaf şöbəsinin elmi işçisi Rəhilə Sadıqovanın çıxış və sualları ilə davam edib.

Sonda Nizami Muzeyinin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, professor Xatirə Bəşirli, Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli Mədinə Gülgünlə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: