Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qısa xülasəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmış milli ideologiyanın mədəniyyət siyasətinin nəzəri-metodoloji bazasını təşkil etdiyi vurğulanır. Sənəddə qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla milli kimliyə söykənən müasir mədəniyyət modelinin yaradılması, inkişaf etdirilməsi və 2040-cı ilədək beynəlxalq mədəni inteqrasiyanın genişləndirilməsi əsas strateji hədəf kimi müəyyənləşdirilir. Konsepsiya dövlət mədəniyyət siyasətinin prioritet istiqamətlərini sistemli, vahid və dayanıqlı yanaşma əsasında müəyyən edən strateji planlaşdırma sənədi kimi təqdim olunur. Sənədin 8.2-ci bölməsi isə Azərbaycan dilinin qorunması, inkişafı və funksional imkanlarının genişləndirilməsi məsələlərinə həsr edilmişdir.
Azərbaycan dilinin müasir inkişaf istiqamətləri, milli kimliyin qorunması və “Azərbaycan mədəniyyəti – 2040” strateji sənədində ana dilinin yeri ilə bağlı suallarımızı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıla ünvanladıq.
Qeyd edək ki, alim Azərbaycan Milli Elmlər Akademiyasında 2024-cü il üzrə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda 5 məqalə ilə yüksək nəşr göstəricisi əldə edərək II yerə, 2025-ci ildə isə 4 məqalə ilə III yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.
– “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin əsas ideoloji xətt kimi götürülməsi mədəniyyət və dil siyasətinə nə kimi töhfələr verir?
– Azərbaycançılıq məfkurəsi müstəqil dövlətçilik ideologiyasının təməl sütunlarından biridir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı bu ideya milli kimliyin, ana dilinin və mədəni irsin qorunmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.
“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında bu məfkurənin əsas ideoloji xətt kimi götürülməsi təsadüfi deyil. Çünki milli kimliyin qorunması ilk növbədə ana dilinin qorunması deməkdir. Azərbaycan dili xalqımızın tarixi yaddaşı, mədəni kodu və mənəvi bütövlüyünün ifadəsidir.
Bu konseptual yanaşma bir tərəfdən dilin saflığının, ədəbi norma və funksional imkanlarının inkişafını təmin edir, digər tərəfdən isə Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə sistemli və elmi əsaslarla tanıdılmasına xidmət edir. Azərbaycançılıq ideologiyası milli dəyərlərə sədaqət və qlobal inteqrasiya arasında sağlam balans yaradır.
– Elmi fəaliyyətinizin nəticələri Konsepsiyada qarşıya qoyulan məqsədlərlə necə səsləşir?
– Elmi fəaliyyətim əsasən Azərbaycan dilinin derivatologiyası və dialektologiyası istiqamətindədir. Xüsusilə Naxçıvan dialekt və şivələrinin tədqiqi milli dilimizin zəngin qatlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Konsepsiyada milli kimliyin qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Dialekt və şivələr dilimizin tarixi inkişaf mərhələlərini, etnoqrafik xüsusiyyətlərini və regional mədəni mühitini özündə əks etdirir. Onların sistemli araşdırılması həm elmi, həm də milli baxımdan vacibdir.
Bu tədqiqatlar nəticəsində regional leksik fond, morfoloji xüsusiyyətlər və söz yaradıcılığı prosesləri müəyyənləşdirilir, ümumtürkoloji kontekstdə müqayisəli təhlillər aparılır. Bu isə Azərbaycan dilinin zənginliyinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına imkan yaradır.
– “Web of Science” və “Scopus” kimi bazalarda dərc olunmaq Azərbaycan filologiyasının beynəlxalq müstəvidə tanıdılmasına hansı töhfələri verir?
– Bu bazalarda indeksləşən jurnallar qlobal elmi ictimaiyyətin əsas istinad platformalarıdır. Azərbaycan filologiyasına dair araşdırmaların həmin bazalarda dərc olunması milli dilçilik məktəbinin nailiyyətlərinin beynəlxalq elmi dövriyyəyə daxil olmasını təmin edir, istinad göstəricilərini artırır və Azərbaycan dili ilə bağlı tədqiqatların qlobal müstəvidə tanıdılmasına şərait yaradır. Bundan əlavə, bu nəşrlər vasitəsilə Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, struktur xüsusiyyətləri və regional dialekt zənginliyi dünya elmi ictimaiyyətinə təqdim olunur. Bu isə həm elmi əməkdaşlıq imkanlarını genişləndirir, həm də yeni müqayisəli tədqiqat istiqamətlərinin formalaşmasına zəmin yaradır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan alimlərinin beynəlxalq indeksli elmi bazalarda fəal təmsil olunmasının ölkənin intellektual potensialının göstəricisi olduğunu vurğulayaraq belə qeyd edir: “Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur”. Azərbaycan elminin reytinqli platformalarda layiqincə təmsil olunması milli elmi məktəbin nüfuzunu artırır və ölkəmizin elmi-mədəni imicinin möhkəmlənməsinə xidmət edir.
– Məqalələriniz əsasən hansı mövzuları əhatə edir?
– Məqalələrimizdə Azərbaycan dilinin derivatologiyası – söz yaradıcılığı, morfoloji strukturun inkişafı, leksik sistemin zənginləşmə yolları əsas istiqamətlərdəndir. Eyni zamanda Naxçıvan şivələrinin fonetik, leksik və morfoloji xüsusiyyətləri, onların digər dialektlərlə müqayisəsi və ümumtürkoloji kontekstdə təhlili geniş yer tutur. Məqsəd yalnız regional xüsusiyyətləri təsvir etmək deyil, həm də Azərbaycan dilçiliyinin dünya dilçilik elminə töhfəsini göstərməkdir.
– Beynəlxalq indeksli jurnallarda dərc prosesində qarşılaşılan metodoloji və texniki çətinliklər nələrdir?
– Əsas çətinliklərdən biri düzgün metodoloji çərçivənin seçilməsidir. Müasir dilçilik həm keyfiyyət, həm də kəmiyyət metodlarının vəhdətini tələb edir. Tədqiqatın nəzəri əsaslarının möhkəm qurulması, beynəlxalq ədəbiyyatın geniş təhlili zəruridir. Digər mühüm məsələ terminologiyanın dəqiq təqdimatıdır. Bundan əlavə, hər jurnalın öz sitatlama sistemi, struktur və texniki tələbləri mövcuddur. Bu standartlara uyğunlaşmaq əlavə vaxt və zəhmət tələb edir. Lakin bütün bu çətinliklər milli dilimizin elmi əsaslarla inkişafı və beynəlxalq müstəvidə tanıdılması naminə dəyərli təcrübədir. Yeri gəlmişkən onu da qeyd edim ki, beynəlxalq indeksli jurnallarda dərc edilən məqalələrin tematik istiqamətləri müxtəlif amillərdən asılı olur. Deyək ki, jurnalın qəbul etdiyi məqalələrin tematik istiqamətləri, dünya elmi ictimaiyyətində aktual olan məsələlərə yönəlmiş olmalıdır, amma biz burada milli mənafeyimizi də qorumalıyıq. Məsələn, dilçilik, mədəniyyətşünaslıq, filologiya və ya Azərbaycan dilinin inkişafı ilə bağlı olan məsələləri qlobal elmi dairələrdə geniş müzakirə olunan sahələrə uyğunlaşdırsaq da, biz mütləq dövlətimizin siyasətini, milli kimliyimizi ön planda saxlayırıq. Çünki məqalə çap olunsun deyə beynəlxalq aləmin məqsədinə milliliyimizi qurban verə bilmərik. Bizim üçün bu məqalələrin çap olunmasında əsas hədəf və məqsədimiz milli dəyrlərimizi, milli kimiyimizi təbliğ etmək, beynəlxalq aləmdə tanıtmaqdır.
Dosent Zülfiyyə İsmayıla səmimi və dəyərli fikirlərinə görə təşəkkür edir, onun elmi fəaliyyətinin ana dilimizin qorunmasına, milli kimliyimizin möhkəmləndirilməsinə və Azərbaycan filologiyasının qlobal elmi məkanda mövqeyinin gücləndirilməsinə mühüm töhfə verdiyini xüsusi vurğulayırıq.
Məhsəti Cəfərli, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.