Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda növbəti təlim təşkil edib. Təlimçi Abil Bayramov “Genderə məsul şəxslərin mandatı və statusu”, “2026-2028 Milli Fəaliyyət planı və Gender Focal Point”, “Gender Focal Point-in funksional vəzifələri”, “Gender meynstriminqi” mövzularında 4 sessiya aparıb.
1-ci sessiyada iştirakçılar milli gender siyasəti, dövlət qurumlarında institusional mexanizmlər, milli və beynəlxalq öhdəliklər haqda məlumat alıb, genderə məsul şəxslərin qurumdaxili statusu və mandatı məsələləri ətrafında geniş müzakirələrə qatılıblar.
2-ci sessiyada “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın ümumi məqsədləri, prioritet istiqamətləri, nazirlik və komitələrin Milli Fəaliyyət Planının həyata keçirilməsində rolu kimi məsələlərdən danışılıb, genderə məsul şəxslərin əlaqələndirici funksiyasına vurğu edilib.
3-cü sessiyada genderə məsul şəxsin 4 funksiyası - koordinasiya, gender təhlili alətlərindən istifadə etməklə fəaliyyətin dəyərləndirilməsi, daxili məsləhətçilik, məlumat və hesabatlılıq mərhələsindəki vəzifə öhdəlikləri təqdim olunub.
Gender meynstriminqə (gender yönümlü, həssas yanaşma) həsr olunmuş 4-cü sessiyada əvvəlcə anlayış verilib, gender meynstriminqin 12 əsas alətindən söz açılıb.
Təlimin praktik tapşırıqlar və özünüqiymətləndirmə mərhələsində qurum üzrə gender özünüqiymətləndirmə, risklərin müəyyən edilməsi, Milli Fəaliyyət Planı əsasında qurum xəritələndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Təlimdə AMEA-nı Akademiyanın Qadınlar Şurasının sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli təmsil edib.