AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “21 Fevral – Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açıb, ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, eyni zamanda soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını qeyd edib. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sisteminə yol tapmasının dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran alim hazırda bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, ölkə başçısının Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərmanı, bu istiqamətdə imzaladığı mühüm sərəncamlar dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Açılış nitqindən sonra çıxış üçün söz məruzəçilərə verilib.
Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyeva “21 Fevral – Beynəlxalq Ana Dili Günü”, həmin şöbənin elmi işçisi Gülüş Səfərzadə və kiçik elmi işçisi Mələkxanım Əliyeva müvafiq olaraq “Qloballaşma dövründə ana dilinin qorunması və müasir elmi məsuliyyət” və “Müasir dünyada Azərbaycan dilinin mövqeyi”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Ana dilinin pərvanələri”, həmin şöbənin böyük elmi işçisi Nuranə Ələkbərova “Ana dilimizin keşiyində”, AMEA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi fil.e.d., dosent Qətibə Quliyeva “Ana dili və əlyazmalar: tarixi yaddaşdan milli kimliyə” mövzularında məruzə edib, çıxışlarında dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitə olduğunu vurğulayıblar.
Daha sonra AMEA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi fil.e.d., dosent Şəbnəm Qəriblinin və Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyevanın məruzə ətrafında çıxışları dinlənilib.
Tədbir çərçivəsində iştirakçılar institutun Ekspozisiya zalında “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş sərgi ilə tanış olublar. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı sərgidə Məhəmməd Füzulinin “Divan”ı, “Bəngü Badə” əsəri, o cümlədən Əlişir Nəvainin, Şah İsmayıl Xətainin “Divan”ının əlyazma nüsxələri, Mirzə Fətəli Axundovun nəstəliq xətti ilə köçürülmüş “Yeni Əlifba layihəsi”, “Dər xüsusi-xətti İslam”, “Tuğrayi-Sultan Əbdül Əziz Xan”, “Əlifba” haqqında tədqiqatından nümunələr, Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış “Molla Nəsrəddin” jurnalı, “Əkinçi”, “Babayi-Əmir”, “Azərbaycan qadını” jurnalları, həmçinin “Yeni Yol” və “Ziya” qəzetlərindən nümunələr nümayiş olunub.
Sonda tədbir iştirakçılarının xatirə fotosu çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.