Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunda Elmi şuranın iclası keçirilib.
İclası açan baş direktor akademik Akif Əlizadə Scopus və Web of Science elmi bazalarında indeksləşən jurnallarda alim həmkarlarının dərc edilmiş məqalələri barədə danışıb. Akademik sonra elmi-təşkilati məsələlərə toxunaraq akademik Şamil Əzizbəyovun 120 illiyi ilə bağlı Elmi şuranın yubiley iclasının keçirilməsi haqqında (ADNSU, AR ETSN-nin Geoloji Kəşfiyyat Agentliyi PHŞ ilə birlikdə) məlumat verib.
İnstitutun elmi-tədqiqat işlərinin əhatəli planı haqqında icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov məruzə edib. Karbohidrogen sistemləri, regional geologiya, geodinamika və metallogeniya, Yerin fiziki sahələri, tibbi geologiya istiqamətlərində və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində cari ildə reallaşacaq kompleks işlərin əhatəli proqramını təqdim edib.
2026-cı il üzrə Elmi şuranın, Yer elmləri sahəsində Ümumrespublika elmi seminarının, gənc tədqiqatçılar üçün təşkil edilmiş lektoriyanın iş planları haqqında institutun Elmi katibi g.-m.e.ü.f.d. Yeganə Lətifova geniş məlumat təqdim edib.
Elmi şura üzvlərinin konkret təkliflərini, düzəlişlərini nəzərə alaraq iş planları təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.