Fevralın 23-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: tarixi yaddaş və beynəlxalq hüquqi qiymət” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Samir Kərimov qonaqları, tələbələri və iştirakçıları salamlayıb, onları gündəliklə tanış edib.
Elmi seminarda qonaq qismində iştirak edən Masallı Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini Asim Yusifov çıxışında bildirib ki, Xocalı soyqırımı xalqımızın yaddaşında silinməz izlər buraxıb: “Vətən müharibəsində şanlı ordumuzun gücünü, qətiyyətini dünya ictimaiyyəti gördü. Xalq-Ordu-Lider birliyi qələbənin əsasını təşkil etdi. Mənfur qonşular üzərində qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin apardığı qətiyyətli, ardıcıl ordu quruculuğu və məqsədyönlü xarici siyasət mühüm rol oynadı və bəhrəsini verdi. Xalq öz rəhbərinə, dövlətinə, Milli Ordusuna güvəndi. Bu milli ruh tarixi qaynaqlardan bəhrələnir. Məhz bu birlik 44 günlük Vətən müharibəsinin bünövrəsini qoydu”.
Xocalı qətliamını törədən erməni barbarlarına insanlıq adının yaraşmadığını xüsusi vurğulayan Asim Yusifov əlavə edib ki, müasir gənclərimiz tariximizi yaxşı bilməli, öyrənməlidir. Çünki onlar ölkəmizin əsas dayaqları, sütunlarıdır. Vətən sevgisi təkcə sözdə deyil, əməldə, təhsildə və həyatımızın digər sahələrində özünü büruzə verməlidir. Biz keçmişin dərslərindən ibrət götürməli, tarixin qara günlərini heç vaxt unutmamalıyıq.
Lənkəran REM-in elmi işlər üzrə direktor müavini Samir Kərimov “Xocalı soyqırımı tarixi həqiqətlərdə” mövzusunda etdiyi məruzəsində deyib ki, məhz Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsinə bir soyqırımı aktı kimi hüquqi qiymət vermiş, bu barədə 1 mart 1994-cü il tarixdə xüsusi Fərman imzalamış, 27 fevral 1997-ci il tarixdə “Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükut dəqiqəsi” elan edilməsi haqqına Fərman vermiş, faciə ilə əlaqədar bir çox xarici mətbuat səhifələrində, tanınmış qəzetlərdə məqalələr dərc edilmişdir.
2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın daxil olduğu İslam Konfransı Təşkilatı ilə birlikdə “Xocalıya ədalət!” kampaniyasının uğurla həyata keçirildiyinı diqqətə çatdıran natiq bu qətliamın dünyanın bir çox ölkələri tərəfindən soyqırımı aktı kimi tanındığını önə çəkib.
“2023-cü ildə ordumuzun sentyabrın 19-20-də keçirdiyi 23 saatlıq antiterror əməliyyatında Qarabağdakı erməni separatizminin sonuncu ocaqları da dağıdılaraq, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu, Xocalı şəhəri də azadlığa qovuşdu, Xocalı şəhidlərinin qisası alındı. Ümid edirik ki, bu faciənin törədilməsində iştirak edən erməni caniləri özlərinin layiqli cəzalarını alacaqlar”, - deyə Samir Kərimov çıxışını yekunlaşdırıb.
Sonra mərkəzin elmi işçisi, Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Gözəl Əlizadə “Xocalı: tarixin qan yaddaşı və ədalət zəfəri” mövzusunda məruzə edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Xocalı şəhəri 2023-cü ilin sentyabrında azad edildi. Dövlət başçımız oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bu gün Xocalıda, Xankəndidə, Şuşada Azərbaycanın əzəmətli üçrəngli bayrağının qürurla dalğalandığını söyləyən Gözəl Əlizadə bunun tarixin ən böyük ədalət zəfəri olduğunu vurğulayıb: “Bu gün Azərbaycan artıq dünənki Azərbaycan deyil. Biz regionun lideri, söz sahibi və qalib bir ölkəyik. İndi həmin meşələrdə, həmin dərələrdə Azərbaycan əsgəri keşik çəkir və şəhidlərimizin yarımçıq qalmış arzularını azad Qarabağda yaşadır. Xocalı yenidən qurulur, dirçəlir. Orada şəhidlərimizin ruhunu şad edəcək yeni infrastruktur layihələri icra olunur, sakinlər öz doğma yurd-yuvalarına qayıdırlar”.
Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov Xocalıya həsr etdiyi “Bir günün də azaldı, fevral” adlı şeirini oxuyub.
Sonra mərkəzin Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova çıxışında 2008-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə BMT-nin dəstəyi ilə keçirilən Omnibus Sülh Akademiyasının təlimlərində ermənistanlı QHT təmsilçisinin təxribatlarının qarşısını almasından danışıb.
Lənkəran Tibb Kollecinin tələbəsi Mənzurə Quluzadə İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atası Fariz Quluzadə ilə bağlı təəssüratlarını bölüşüb.
Elmi seminarı yekunlaşdıran Samir Kərimov qonaqlara, tələbələrə, MDRK, LTK-nın rəhbərliyinə və iştirakçıların hər birinə minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.