Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində baş tutan tədbirlər çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2026-cı il üçün ilk maarifləndirici seminarı keçirilib.
Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı bu seminarda Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın “Dini qəhrəmanlıq dastanlarından Müseyyib Qazi dastanı” mövzusunda mühazirəsi dinlənilib. Alim mühazirəsində Əlyazmalar İnstitutunda mühafizə olunan dini-qəhrəmanlıq mövzusu ilə bağlı dastanlardan söz açıb, çıxışında “Müseyyib Qazi dastanı” barədə ətraflı məlumat verib. Mühazirədə həmçinin institutumuzda mühafizə olunan “Müseyyibnamə” nüsxələrinin təsviri, tarixiliyi, coğrafiyası, dili və məzmunu türkiyəli alim, professor Necati Dəmirin nəşri ilə müqayisəli şəkildə şərh olunub. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.