Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2026 17:06
  • A-
  • A
  • A+

“Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı”

“Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı”

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini giriş nitqi ilə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, Xocalı soyqırımının XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Çıxışında tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən söz açan alim son iki yüz il ərzində erməni şovinistlərinin Azərbaycan xalqına qarşı etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirmələrinə baxmayaraq haqq-ədalətin Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan ordusunun peşəkarlığı və xalqımızın Ali baş komandan ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində nəhayət bərqərar olduğunu vurğulayıb.

Tədbir məruzələrin dinlənilməsi ilə öz işinə davam edib.

İnstitutun Elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Xocalı tarixi Azərbaycan torpağıdır!”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Nuranə Ələkbərova “Gün var əsrə bərabər”, Əlyazmaların elektron resursları şöbəsinin böyük laborantı Türkan Süleymanova “Xocalı – ağrıdan dirçəlişə uzanan yol” mövzularında məruzə edib, çıxışlarında ermənilərin Xocalıdakı dinc sakinlərə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar.

İnstitutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə məruzələr ətrafında çıxış edərək ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə, o cümlədən Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib.

Sonda tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı” mövzusunda kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: