Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2026 19:14
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Seysmoloji Xidmət Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın suverenliyi və ərazibütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən keçən  ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımın insanlığa sığmayan vəhşilik olduğunu bildirən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, həmin gecə günahsız insanlar ermənilər tərəfindən tarixdə misli görünməmiş vəhşiliklərlə qətlə yetiriliblər. Professor Qurban Yetirmişlinin sözlərinə görə, Xocalı faciəsi iyirminci əsrdə insanlığa qarşı törədilmiş ən böyük vəhşilik və soyqırım hadisəsi idi. Bu faciə zamanı azyaşlı uşaqlara və qadınlara qarşı insanlığa sığmayan işgəncələr və qəddarlıqlar törədilib. “Faciənin miqyasına və törədilən vəhşiliklərə baxmayaraq, dünyanın bir çox ölkələri bu soyqırım hadisəsini tanımaq istəmirdi. Yalnız Azərbaycana dost və yaxın olan bir neçə ölkə tərəfindən Xocalı faciəsi soyqırım aktı kimi tanınıb. Xocalı qurbanlarının qisası  Müzəffər  Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan ordusu, əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz hesabına alındı. Qarabağdakı başqa şəhərlərimiz, kəndlərimiz kimi Xocalı şəhəri də öz azadlığına qovuşdu. Bu gün Xocalıya həyat qayıdıb. Əminik ki, Xocalı qurbanlarının ruhu şaddır” - deyən baş direktor Xocalı faciəsinin qurbanlarının xatirəsinin hər zaman ehtiramla yad edildiyini və bu faciənin xalqımızın qan yaddaşında yaşayacağını bildirib.

RSXM-nin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Rafiqqızı Xocalı faciəsinin baş verdiyi dövrdə Azərbaycanda olan ictimai-siyasi şərait və Rusiya imperiyasının bölgədə yaratdığı münaqişə zonaları haqqında danışıb. Şöbə müdiri Xocalı faciəsinin təşkil olunmasında 366-cı motoatıcı alayın iştirak etdiyini xatırladaraq bildirib ki, Xocalıda törədilən qırğınlar bir növ rus ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğını və Qarabağın ayrı-ayrı kəndlərində törədilən qırğınların davamı idi. “Rusiya imperiyası bu qırğınların hamısının törədilməsində ermənilərə dəstək verib və Xocalı faciəsinin törədilməsində 366-cı alayın iştirakı bunu bir daha təsdiq edir”. Şöbə müdiri onu da bildirib ki, Xocalı faciəsinə qiymət ilk dəfə 1994-cü ilin fevralın 24-də Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Sonrakı illərdə Xocalı faciəsinin tanınması üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən dünya ölkələrində “Xocalıya ədalət” kompaniyaları aparılıb. Bu günə qədər ABŞ-ın 25 ştatı və bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanısalar da, bu faciəni görməzdən gələn ölkələr də çox oldu. “Xocalı faciəsi iyirminci əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciə zamanı cinsindən, yaşından asılı olmayaraq Azərbaycan türkü olan hər kəs soyqırıma məruz qalıb. İnsanlar ağlasığmaz işgəncələrlə qətlə yetiriliblər. Qətlə yetirilmiş insanların cəsədləri üzərində belə bir sıra vəhşilikliklər və qeyri-insanı hərəkətlər edilib. Rəsmi məlumatlara əsasən, Xocalıda 613 nəfər qətlə yetirilib. Onların çoxu qadınlar, uşaqlar və yaşlı insanlar idi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 şəhər sakini ermənilər tərəfindən əsir götürülüb. Sonradan əsirlərin bir hissəsi geri alınsa da 150 nəfərin taleyindən bu günə qədər heç bir xəbər yoxdur. Şükürlər olsun ki, artıq Xocalı qurbanlarının qisası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu tərəfindən alındı. Bizim qəhrəman oğullarımız əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimizin sayəsində Qarabağımız öz azadlığına qovuşdu. Bu gün Qarabağda həyat qaynayır. Bütün kənd və şəhərlərimiz yenidən qurulur. İnsanlarımız öz ata-baba  yurdlarına qayıdırlar. Artıq bizim əzəli və əbədi torpaqlarımızda yeni ailələr qurulur, körpələr dünyaya gəlir. Körpə gülüşləri eşidilir. Bu bizim Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti,  Azərbaycan xalqının bir yumruq kimi öz liderinin ətrafında birləşməsi, Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqları sayəsində mümkün oldu. Torpaqlarımız azad olsa da biz tarix boyu başımıza gətirilən hadisələri heç bir zaman nə unutmuruq. Xocalı faciəsini nə biz unutmarıq. Nə də bu faciəni törədənlərə-əbədi və əzəli düşmənlərimizə unutdurmarıq. Xocalı faciəsi bizim qan yaddaşımızda əbədi həkk olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Daha sonra RSXM-nin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: