Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2026 17:38
  • A-
  • A
  • A+

Elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib

Elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib.

Seminarda Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri, “Könüllülük” layihəsi iştirakçıları və Əlyazmalar İnstitutunun doktorant və dissertantları iştirak edib.

Seminar çərçivəsində iştirakçılar İnstitutun Ekspozisiya zalını ziyarət edib, burada sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri və s. barədə geniş bilgi əldə ediblər. Onlar eyni zamanda Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olublar.

Daha sonra İnstitutun akt zalında Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Şəhla Xəlillinin “Dünya yaddaşı: Əlyazma irsi” mövzusunda mühazirəsi dinlənilib. Alim çıxışında Əlyazmalar İnstitutunda mühafizə olunan, UNESCO-nun “Dünya Yaddaşı” siyahısına daxil edilmiş 5 unikal əlyazmadan söz açıb. O, hazırladığı videoslayd vasitəsilə yazının növləri, papirus, dəri, perqament kimi yazı materialları, Avropa filiqranlı kağız növləri, qələm və xətt növləri, o cümlədən yazının materiallaşdırılması, əlyazma kitablarının yaranması, hazırlanması və elektronlaşdırılması prosesi haqda geniş məlumat verib, onlardan əyani şəkildə nümunələr göstərib. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: