Martın 16-da AMEA-da Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsinə həsr edilmiş “Müasir Azərbaycan şəhərsalma və memarlığı: qlobal çağırışlar və milli ənənələr” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ili “Şəhərsalma və Memarlıq” ili elan edilməsinin həm mədəni, həm də siyasi əhəmiyyəti olduğunu qeyd edib. Bu Sərəncamın Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsinə verdiyi yüksək dəyərin və ölkəmizdə Şəhərsalma və Memarlıq sahəsinə göstərilən diqqətin təzahürü olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın milli inkişaf strategiyası, innovativ şəhərsalma, ekoloji bərabərlik, mədəni irsin qorunması, tarixi, dini və memarlıq abidələrimizin bərpası və qorunub saxlanması dövlət siyasətinin mərkəzində dayanır.
Müasir Azərbaycan şəhərsalma və memarlığı qlobal ekoloji və texnoloji çağırışlarla milli-mədəni ənənələrin sintezinə əsaslanır. Respublikamızda, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma ənənələri müasir infrastrukturla birləşdirilərək yenidən qurulur. Şəhərlərin inkişaf strategiyasında “ağıllı şəhər”, “yaşıl enerji” konsepsiyası prioritet təşkil edir. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkəmizdə şəhərsalma, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələri gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni platforma yaradılır. Azərbaycan iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq yalnız məkan quruculuğu deyil, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır.
Tədbirdə institutun şöbə müdiri, memarlıq doktoru, dosent Rahibə Əliyeva “Azərbaycanın tarixi şəhərləri və onların dayanıqlı inkişafı”, tarix elmləri doktoru, professor Hidayət Cəfərov “Qədim Azərbaycan və protoşəhər mədəniyyətinin formalaşması”, institutun Şəhərsalma şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva “Eko-memarlıq – şəhərlərin davamlı inkişaf əsasları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov “Müasir Azərbaycan memarlığında ekoloji tikinti materiallarının tətbiqi problemləri və perspektivləri”, memarlıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Tangudur “Azərbaycanda dayanaqlı şəhər strukturunda etnomərkəzlərin formalaşması”, tarix üzrə fəlsəfə doktoru, dosent Fariz Xəlilli “İslam memarlıq abidələrində arxeoloji tədqiqatlar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyev “Ümumtürk vizual forma matrisasının müasir memarlıqda istifadəsi”, sənətşünaslıq doktoru, professor Sevil Fərhadova “Memarlıq abidələrinin musiqi mahiyyəti”, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov “Bakının Ağ şəhər və Qarabağda müasir şəhərsalma prosesləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Naxçıvanda müasir dövrdə tarixi-memarlıq abidələrinin bərpasında bədii kompozisiyanın tipologiya xüsusiyyətləri”, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Qəbələ arxeoloji irsinin tədqiqi və təşviqi: reallıqlar, problemlər və vəzifələr” mövzusunda məruzə təqdim ediblər.
Konfransda, həmçinin tarix üzrə fəlsəfə doktoru Akif Quliyev “Buğurd qalasının memarlığı və arxeoloji tədqiqi”, elmi işçi Oksana Məmmədova “Gəncə memorial kompleksinin kompozisiyasının təhlili”, elmi işçi Bəbir Zeynalov “Şuşa-abidələr şəhəri”, Nərmin İmanova “Müstəqillik dövründə Azərbaycan dini tikililərinin bədii xüsusiyyətləri”, Nəsib Zeynalov “Basqal şəhərsalmasında müasir şəhərsalma və tarixi toxuma ilə təzadı” adlı məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.